Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş konfrans keçirilib

Mayın 5-də ADMİU-nun Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş “Ağıllı mədəniyyət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda tələbə elmi konfransı keçirilib.
Konfrans universitetin kitabxanasında baş tutub. Tədbirin açılışında Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov çıxış edərək rəqəmsal texnologiyaların müasir dövrdə mədəniyyət və turizm sahələrinin inkişafındakı rolundan, “ağıllı mədəniyyət” konsepsiyasının aktuallığından və tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən bəhs edib.
Tədbirdə Muzeyşünaslıq və turizm kafedrasının müdiri, dosent Yeganə Eyvazova, baş müəllimlər Nəzirə Əliyeva, Kəmalə Məmmədova, Gülşən Hacıyeva, müəllimlər Könül Mustafayeva və Gülgün Bağırova iştirak ediblər.
Konfransda “Turizm işinin təşkili” və “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisaslarının tələbələri tərəfindən turizmdə rəqəmsal transformasiyanın nəzəri əsasları, rəqəmsal turizm infrastrukturu, innovativ texnologiyalar, rəqəmsal marketinq və sosial medianın turizmdə rolu, davamlı turizm və texnoloji innovasiyalar, təhlükəsizlik, etika və rəqəmsal risklər, mədəni irsin qorunmasında elektron kitabxanaların əhəmiyyəti, eləcə də rəqəmsal iqtisadiyyatın texnoloji əsasları ilə bağlı məruzələr təqdim olunub.
Tələbələrin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda konfrans iştirakçısı olan tələbələrə sertifikatlar təqdim olunub.