ADMİU-nun rektoru “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində keçirilən iclasda çıxış edib

Mayın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclası və proqram üzərində çalışan İşçi qrupunun növbəti toplantısı keçirilib.
İclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri – Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak ediblər.
Nazir Adil Kərimli çıxışında dövlət proqramının əhəmiyyətindən və qarşıda duran hədəflərdən danışıb. Bildirilib ki, iqtisadiyyat və mədəniyyət sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində yaradıcılığın inkişafı, yaradıcı məhsulların təşviqi və bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetlərdəndir.
“Bütün bunlarla yanaşı, sahə üzrə infrastruktur məsələləri də diqqətdə saxlanılmalıdır. Nəzərdə tutulan layihələr çərçivəsində hər sahəyə uyğun xüsusi yanaşmalar tətbiq edilməli, əlavə infrastruktur obyektlərinin yaradılması zamanı bu amillər nəzərə alınmalıdır. Hazırlanacaq dövlət proqramlarının sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi zəruridir”, – deyə nazir vurğulayıb.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova öz çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının Mədəniyyət Nazirliyi və eləcə də yaradıcı təşkilatlarla, qurumlarla sıx əməkdaşlıq etdiyini, tələbələrin təcrübə keçmələri üçün müvafiq şəraitin yaradıldığını xüsusi vurğulayaraq, Mədəniyyət Nazirliyi rəhbərliyinə öz təşəkkürünü bildirib. O bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı universitetdə iclaslar keçiriləcək və müvafiq təkliflər nazirliyə təqdim olunacaq.
İclasda həmçinin, ADMİU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, eləcə də universitetin əməkdaşları- Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, Əməkdar incəsənət xadimi dosent Ayaz Salayev, Xalq artisti, professor Vamiq Məmmədəliyev, Xalq artisti, professor Məmmədsəfa Qasımov, Əməkdar İncəsənət Xadimi, professor İsrafil İsrafilov, Əməkdar İncəsənət Xadimi professor Cəmil Quliyev, dosent Altay Məmmədov və digərləri də iştirak ediblər.