ADMİU-nun iki əməkdaşı “Ədəbiyyat adamı 2026” mükafatına layiq görülüb

Mayın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı 2026” mükafatının təqdimetmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən layihənin təşəbbüskarı, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Xalq yazıçısı, akademik Kamal Abdulla bildirib ki, “Ədəbiyyat adamı” mükafatı klassik mükafat modellərindən fərqli olaraq, rəqabət və formal kriteriyalar üzərində deyil, daha çox ədəbiyyata xidmət fəlsəfəsi üzərində qurulub.
Qeyd olunub ki, “Ədəbiyyat adamı” mükafatının əsas fərqləndirici xüsusiyyətlərindən biri onun “rəqibsiz” model üzərində qurulmasıdır. Yəni, burada klassik müsabiqə prinsipi yoxdur. Müxtəlif ədəbi sahələrdə fəaliyyət göstərən şəxslərin seçilərək təltif olunması mükafatı daha inklüziv və mənəvi baxımdan əhatəli edir. Bu baxımdan, “Ədəbiyyat adamı” yalnız mükafatlandırma aktı kimi deyil, həmçinin ədəbi dəyərlərin yenidən təsdiqi funksiyasını da yerinə yetirir.
K.Abdulla mükafatın hər il may ayında təqdim olunmasını Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqələndirərək bildirib ki, Fondun qərarına əsasən, bu özəl gün münasibətilə ədəbiyyatçılar, ziyalılar üçün bir mükafat təsis edilib və o, hər ilin may ayında bir neçə nəfərə təqdim edilir.
Daha sonra mükafatçılar təltif olunublar. Qeyd edək ki, bu il mükafatçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli və mətbuat katibi, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiq də var.
Mükafatçılar çıxış edərək göstərilən diqqət və etimada görə öz təşəkkürlərini bildiriblər.