ADMİU-nun müəllimi TÜRKSOY-un 27-ci Opera Günlərində iştirak edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihəsi olan Opera Günlərinə bu dəfə Türkmənistan paytaxtı ev sahibliiyi edib.
Aşqabadın “Mukamlar” sarayında TÜRKSOY-un 27-ci Opera Günləri çərçivəsində qala konsert təşkil olunub. Konsert türkmən musiqisinin görkəmli siması, bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Vəli Muhadovun (1916–2005) 110 illiyinə həsr olunub.
Türkmənistanın Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunan proqramda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın opera müğənniləri ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrasının müəllimi Taleh Yəhyayev də çıxış edib.
Konsertdə Türkmənistanın və TÜRKSOY-un rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Həmçinin, Taleh Yəhyayev iki gün ərzində Türkmənistan Milli Konservatoriyasının Vokal kafedrasında ustad dərsləri də keçib.