ADMİU-nun dosenti Naxçıvanda teatr festivalında iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov 9-11 may tarixlərində Naxçıvan şəhərində keçirilən “Şərqin qapısı” teatr festivalında iştirak edib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunmuş festivalda Azərbaycan və Türkiyədən olan teatr xadimləri, Naxçıvan teatr ictimaiyyətinin nümayəndələri, tələbələr və sənətsevərlər iştirak ediblər.
10 may tarixində Elçin Cəfərov panel müzakirədə “Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr” mövzusunda çıxış edib. Müzakirə zamanı müasir teatr sənətinin inkişaf istiqamətləri, rəqəmsal texnologiyaların səhnə sənətinə təsiri, eləcə də süni intellektin teatr estetikasına gətirdiyi yeni yanaşmalar və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İnteraktiv formatda təşkil olunan görüş maraqlı təqdimatlar və eksperimentlərlə yadda qalıb. İştirakçılar Elçin Cəfərova teatrın müasir transformasiya prosesi və süni intellektin bu sahəyə inteqrasiyası ilə bağlı suallar ünvanlayıblar.

