ADMİU-nun müəllimi “Virtual sərgilər və müasir təqdimat” mövzusunda ustad dərsi keçib
Mayın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Əməkdar müəllim Nəzirə Əliyeva “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Soyqrım Memorial Kompleksinin təşkilatçılığı ilə “Virtual sərgilər və müasir təqdimat” mövzusunda ustad dərsi keçib.
Tədbirin əsas məqsədi müasir rəqəmsal texnologiyaların muzey, sərgi və mədəniyyət sahəsində tətbiqi imkanlarını nümayiş etdirmək, virtual ekspozisiyaların hazırlanması prinsiplərini iştirakçılara təqdim etmək olub.
Ustad dərsində rəqəmsal transformasiya dövründə virtual sərgilərin aktuallığı, interaktiv təqdimat metodları, 3D texnologiyalar, artırılmış və virtual reallıq həlləri, multimedia vasitələrinin sərgi mühitində istifadəsi barədə geniş məlumat verilib. Qeyd edilib ki, virtual sərgilər mədəni irsin daha geniş auditoriyaya çatdırılması, əlçatanlığın artırılması və innovativ tamaşaçı təcrübəsinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində müxtəlif beynəlxalq muzey və qalereyaların rəqəmsal layihələri təqdim olunub, virtual turların hazırlanması mərhələləri izah edilib, müasir təqdimat proqramlarının imkanları nümayiş etdirilib. İştirakçılar həmçinin süni intellekt əsaslı vizual həllər, interaktiv ekran sistemləri və multimedia dizaynı barədə praktiki məlumat əldə ediblər.
Ustad dərsi muzey əməkdaşları tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, virtual sərgilərin gələcək inkişaf perspektivləri və rəqəmsal mədəniyyət mühitində yeni tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsi mədəniyyət və incəsənət sahəsində rəqəmsal bacarıqların inkişafına, innovativ yanaşmaların təşviqinə və müasir texnologiyaların yaradıcı sənayedə tətbiqinə mühüm töhfə verir.

