ADMİU-nun təşkilatçılığı ilə keçirilən “Gələcəyin müəllimi” III musiqi müsabiqəsi uğurla yekunlaşıb
5–14 may 2026-cı il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Gələcəyin müəllimi” III musiqi müsabiqəsi keçirilib.
Müsabiqənin bağlanış mərasimi mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) baş tutub. Tədbir çərçivəsində ilk olaraq müsabiqəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək müsabiqə iştirakçıları, professor-müəllim heyətini və təşkilatçılara təbriklərini çatdırıb, bu cür müsabiqələrin gənc müəllimlərin peşəkar inkişafında, yaradıcılıq potensialının üzə çıxarılmasında və gələcəyin pedaqoqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə həmçinin ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək layihənin gənc musiqiçilərin peşəkar inkişafındakı rolunu xüsusi qeyd ediblər.
Qeyd edək ki, müsabiqənin solo alətlər nominasiyası üzrə I yerə Zəhra Aslanova (ADMİU), Aqif Vəliyev (ADPU) və Vüsal Mahmudov (ADMİU) layiq görülüblər. II yerin qalibi Nərmin Zəkizadə (ADPU), III yerin qalibi isə Mədinə Əliyeva (Qarabağ Universiteti) olub.
Duet və ya ansambl nominasiyası üzrə II yerə Röya Bəşirova və Aysun Həsənzadə (ADPU), III yerə isə Günay Yusifova və Leyla Mərəzadə (ADPU) layiq görülüblər.
Müsabiqə iştirakçılarına diplomların təqdim edilməsindən sonra qaliblər müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Layihənin rəhbəri ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri, professor Adilə Yusifova, bağlanış mərasiminin aparıcısı isə həmin kafedranın əməkdaşı Ləman Əliyeva olub.
Müsabiqə çərçivəsində “Azərbaycan bəstəkarlarının işləmələri” adlı not məcmuəsi də çap edilib. Müsabiqənin II turunda iştirakçılar məcmuədə yer alan Azərbaycan bəstəkarlarının işləmələri ilə yanaşı, türk xalq bəstəkarlarının əsərlərini də ifa ediblər.
Not məcmuəsinə A. Dadaşov, R. Xəlilov, A. Yusifova, X. Zeynalova, E. Dadaşova, X. Əhmədli Cəfər, M. Əhmədova, İ. Qismət və L. Əhmədovanın işləmələri daxil edilib.
Qeyd edək ki, “Gələcəyin müəllimi” III musiqi müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Konservatoriyası və Qarabağ Universitetinin tələbələri iştirak ediblər.

