ADMİU-nun əməkdaşları akademik fəaliyyətdə süni intellektdən istifadəyə həsr olunmuş seminarda iştirak ediblər

ADMİU professor-müəllim heyətinin elmi fəaliyyətinin inkişafı, beynəlxalq akademik əlaqələrinin genişləndirilməsi və əməkdaşlarının peşəkar inkişafına yönəlmiş təşəbbüslərdə iştirakını davam etdirir. 21 may 2026-cı il tarixində İzmir Yüksək Texnologiyalar İnstitunun təşkilatçılığı ilə onlayn formatda keçirilən “Müəllif seminarı: nəşr strategiyaları, akademik dürüstlük və süni intellekt” adlı tədbirdə ADMİU-nun əməkdaşları – Natiq Mürsəlov və Fəridə Abdullazadə iştirak ediblər.

Tədbirin əsas məqsədi elmi nəşr strategiyalarının inkişaf etdirilməsi, akademik dürüstlük prinsiplərinin təşviqi və süni intellekt texnologiyalarının elmi tədqiqat və akademik yazı prosesinə təsirinin öyrənilməsi olub. Həmçinin, iştirakçılara beynəlxalq elmi nəşr standartları, yüksək indeksli elmi bazalarda məqalələrin hazırlanması, müəllif etikası, plagiat risklərinin qarşısının alınması və süni intellekt alətlərindən akademik mühitdə etik istifadəyə dair təqdimatlar təqdim edilib.

ADMİU əməkdaşları tədbir zamanı müasir elmi kommunikasiya modelləri, nəşr siyasətində yeni yanaşmalar və akademik fəaliyyətin keyfiyyət göstəricilərinin artırılması ilə bağlı müzakirələrdə iştirak ediblər. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri və tədqiqatçılarla fikir mübadiləsi aparılıb, gələcək elmi əməkdaşlıq imkanları dəyərləndirilib. Tədbir iştirakçılara elmi fəaliyyətin beynəlxalq standartlara uyğun təşkili, akademik dürüstlük mədəniyyətinin gücləndirilməsi və süni intellektin təhsil və tədqiqat mühitində tətbiq perspektivləri barədə yeni bilik və təcrübələr qazandırıb.