ADMİU ilə əməkdaşlıq edən tədqiqatçı “Best Paper Award” müsabiqəsinin qalibi seçilib

Dövlət Proqramı çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində PhD araşdırması aparan, ADMİU ilə əməkdaşlıq edən tədqiqatçı Samirə Həsənzadə Avropa Təhsil Tədqiqatları Assosiasiyası (EERA) tərəfindən təşkil olunan ERC/ECER 2025 “Best Paper Award” müsabiqəsinin qalibi seçilib.
Samirə Həsənzadənin “Silent Path to Peace: Exploring Peace Education through an Intercultural Art-Based Workshop” adlı elmi məqaləsi 2025-ci il may ayında UNESCO RİELA tərəfindən keçirilən konfrans zamanı Qlazqo Universitetinin PhD tələbəsi Sevinc Rüstəmova və qonaq tədqiqatçı Dilara Özəl ilə birlikdə baş tutan çalışma nəticələri haqqındadır.
Adı çəkilən məqalə ERC çərçivəsində həyata keçirilən geniş və ciddi qiymətləndirmə prosesi nəticəsində ən yüksək qiymətə layiq görülüb. Məqalə Avropanın təhsil sahəsi üzrə ən nüfuzlu jurnallarından biri sayılan “European Educational Research Journal (EERJ)” – da çap olunacaq.
Mükafat çərçivəsində Samirə Həsənzadə həmçinin ERC və ECER 2026 konfranslarında ödənişsiz iştirak hüququ və səyahət qrantı qazanıb.
Xatırladaq ki, Samirə Həsənzadənin Qlazqo Universitetinin bir qrup akademik heyət nümayəndələri ilə həmmüəllif olduğu “Exploring Restorative Intercultural Practices: Fire Stories” adlı kitabı da bu yaxınlarda işıq üzü görüb https://multilingual-matters.com/page/detail/exploring-restorative-intercultural-practices/?SF1=work_id&ST1=CVIEW-68e7a28d86df9