ADMİU-nun tələbəsi Qara Qarayevin ev muzeyində solo konsert verib

Mayın 23-də “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Solo Gənclik” layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının dosenti, Əməkdar müəllim Rəşad Kazımovun IV təhsil ili tələbəsi Nüşabə Rüstəmova Qara Qarayevin ev muzeyində solo konsert proqramı ilə çıxış edib.
Konsert proqramında İ.S.Bax “Yaxşı temperasiya olunmuş klavir” II cild №4 cis-moll , L.V. Bethoven Sonata №15, op. 28 “Pastoral” (bütün hissələr), Bethoven–List Simfoniya №7, A-dur, op. 92 II hissə – “Allegretto” və Q. Qarayevin “Çar kəndinin heykəli” əsərləri səsləndirilib.
Konsertdən sonra çıxış edən Nüşabə Rüstəmova bu proqramın Qara Qarayevin ev muzeyində keçirilən ilk solo fortepiano konsertlərindən biri olduğunu vurğulayaraq, belə bir məkanda çıxış etməyin onun üçün xüsusi məsuliyyət və qürur hissi yaratdığını qeyd edib.
Tədbirdə çıxış edən İnstrumental ifaçılıq kafedrasının müdiri, professor Adilə Yusifova proqramın konsepsiyasının xüsusi rəmzi məna daşıdığını diqqətə çatdırıb. O qeyd edib ki, İ.S. Bax və L.V. Bethoven dünya musiqi mədəniyyətinin formalaşmasında müstəsna rol oynayan bəstəkarlardır və hər bir peşəkar musiqiçinin yetişməsində onların yaradıcılığı mühüm əhəmiyyət kəsb edir. Professor Adilə Yusifova vurğulayıb ki, bu bəstəkarların əsərlərinin məhz Qara Qarayevin doğulub boya-başa çatdığı, gələcək böyük bəstəkar kimi formalaşmağa başladığı evdə səsləndirilməsi xüsusi mənəvi və bədii dəyərə malikdir. O, həmçinin tələbənin peşəkar inkişafında pedaqoq Rəşad Kazımovun əməyini yüksək qiymətləndirib.
“İRƏLİ” İctimai Birliyinin nümayəndəsi çıxışında bildirib ki, layihə çərçivəsində ADMİU-nun tələbələri ilə əməkdaşlıq uğurla davam edir və Nüşabə Rüstəmova bu təşəbbüs çərçivəsində solo konsert proqramı təqdim edən universitetin ikinci tələbəsidir. Layihənin əsas məqsədinin gənc istedadları geniş ictimaiyyətə tanıtmaq, onların yaradıcılıq fəaliyyətinə dəstək vermək və yeni musiqiçi nəslinin inkişafına töhfə vermək olduğunu vurğulayıb.
Tədbir iştirakçıları layihənin Azərbaycan gəncliyinin peşəkar inkişafına və musiqi sənətinin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər.