ADMİU-nun dosenti Aslan Xəlilovun yeni kitabı təqdim olunub

Mayın 23-də LIBRAFF kitab evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilovun (Aslan Aşiq) 40 illik yubileyi münasibətilə nəşr olunan “Ömrün qırx anı: Əbədiyyət nuru” adlı şeir kitabının təqdimat və imza mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasiminin aparıcısı Pərvin İsmayılzadə olub.
Tədbiri giriş sözü ilə Azərbaycanın görkəmli yazıçı-dramaturqu, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli açaraq müəllifin yaradıcılığı, poeziyaya münasibəti və kitabın mənəvi-estetik xüsusiyyətləri barədə fikirlərini bölüşüb.
Daha sonra çıxış edən ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Əməkdar artist, professor Azad Şükürov müəllif haqqında fikirlərini səsləndirməklə yanaşı, kitabdan şeir-münacat ifa edib.
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışında kitabın bədii və mənəvi məziyyətlərini vurğulamaqla yanaşı, müəllifin sənətşünas və gənc şair kimi fəaliyyətini dəyərləndirib.
Tədbirdə Xalq artisti xanəndə Teyyub Aslanov, Əməkdar artist Əlağa Sədiyev və Əməkdar artist Toğrul Əsədullayevin ifasında muğam proqramı təqdim olunub.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti Vidadi Qafarov, həmçinin AMEA-nın aparıcı elmi işçisi, Milli İncəsənət Muzeyinin Elmi-tədqiqat şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov müəllifin elmi və bədii fəaliyyəti haqqında fikirlərini iştirakçılarla bölüşüblər.
Kitabın rəssamı, ADMİU-nun Təsviri sənət kafedrasının baş müəllimi Elçin Cabarov nəşrin bədii tərtibatı barədə məlumat verib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov çıxışında kitabın mənəvi-ədəbi məzmunundan bəhs edib.
Şair-publisist, ədəbiyyatşünas Əvəz Qurbanlı tədbirdə müəllifin şeirlərindən nümunələr səsləndirib. Gənc ilahiyyatçı Emil Dadaşov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Əkbər də çıxış edərək müəllifi yubileyi münasibətilə təbrik ediblər.
Tədbirin sonunda müəllif Aslan Xəlilov (Aslan Aşiq) çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib və “Ana” şeirini səsləndirərək gecəni yekunlaşdırıb.
Təqdimat mərasimi oxucular üçün təşkil olunan imza saatı ilə davam edib.