Şuşa Humanitar Kolleci ADMİU-da konsert proqramı ilə çıxış edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Şuşa Humanitar Kollecinin təqdimatında möhtəşəm konsert proqramı keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və incəsənət nümayəndələri iştirak ediblər. Musiqi dolu gecədə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Konsert proqramında Şuşa Humanitar Kollecinin istedadlı tələbələrinin ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirilib.
Tədbirdə çıxış edən Şuşa Humanitar Kollecinin direktoru Mehriban Qasımova belə yaradıcı görüşlərin tələbələrin inkişafı, mədəni əməkdaşlığın möhkəmlənməsi və gənclərin sənətə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, tədbirin yüksək səviyyədə təşkilinə görə ADMİU-nun rektoru professor Ceyran Mahmudovaya, universitet rəhbərliyinə və əməyi keçən bütün əməkdaşlara təşəkkürünü bildirib.
Səmimi və yaradıcı atmosferdə keçən tədbir musiqi və sənətin insanları bir araya gətirən gücünü bir daha nümayiş etdirib. Konsert proqramının sonunda Mehriban Qasımova tərəfindən Ceyran Mahmudovaya xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edilib ki, bu cür tədbirlər iki təhsil müəssisəsi arasında yaradıcılıq əlaqələrinin daha da genişlənməsinə, tələbələrin səhnə təcrübəsinin artmasına və milli-mənəvi dəyərlərimizin təbliğinə mühüm töhfə verir.