Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin(TEYC) təşkilatçılığı ilə İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici təlim keçirilmişdir

Təlimin qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Abbas Quliyev olmuşdur. Tədbir zamanı insan hüquqlarının tarixi inkişafı, beynəlxalq və milli hüquq sistemində insan hüquqlarının yeri, əsas hüquq və azadlıqlar, onların müdafiə mexanizmləri, eləcə də vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir.
Təlim nəzəri biliklərlə yanaşı, hüquqi praktikadan götürülmüş real keyslərin müzakirəsi ilə də yadda qalmışdır. İştirakçılar müxtəlif situasiyaların hüquqi qiymətləndirilməsi prosesinə cəlb olunmuş, hüquqi problemlərin həlli yolları ətrafında fikir mübadiləsi aparmışlar. İnteraktiv formada təşkil olunan müzakirələr tələbələrin mövzuya marağını daha da artırmışdır.
Tədbir çərçivəsində insan hüquqlarının qorunmasında hüquqşünasların və vəkillərin rolu, hüquqların müdafiəsi üçün mövcud hüquqi mexanizmlər, eləcə də gənclərdə hüquqi şüurun formalaşdırılmasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılmış, onların maraq göstərdikləri hüquqi mövzular ətrafında geniş izahlar verilmişdir.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan təlim insan hüquqları sahəsində məlumatlılığın artırılmasına, hüquqi biliklərin zənginləşdirilməsinə və hüquqi dünyagörüşünün formalaşmasına mühüm töhfə vermişdir.

Təlim imtahan sessiyası ilə əlaqədar olaraq online formatda keçirilib.