Xankəndidə ilk dəfə Milli Qurtuluş Günü qeyd olunub

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə bayram konserti təşkil olunub.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbir ölkənin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində baş tutub. Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, tarzən Səxavət Məmmədov solist qismində çıxış edib.

Tədbirdə əvvəlcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məlumat verilib, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin formalaşmasında və inkişafında misilsiz xidmətləri vurğulanıb.

Daha sonra M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə Vasif Adıgözəlovun “Qərənfil” və Həsən Rzayevin “Çahargah rapsodiyası” əsərləri səsləndirilib.

Qeyd edək ki, Xankəndi Mədəniyyət Mərkəzi əsaslı yenidənqurma işlərindən sonra bu ilin 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.