ADMİU-nun professoru Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti, tanınmış tarzən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Vamiq Məmmədəliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə dövlət və mədəniyyət xadimləri, elm və incəsənət nümayəndələri, musiqiçilər, ziyalılar və sənətsevərlər iştirak ediblər.

Yubiley gecəsində çıxış edənlər Vamiq Məmmədəliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında, milli ifaçılıq ənənələrinin qorunub saxlanılmasında və gənc musiqiçilərin yetişdirilməsində mühüm xidmətlərindən bəhs ediblər. Bildirilib ki, görkəmli tarzən ömrünün böyük hissəsini Azərbaycan muğam sənətinin təbliği və inkişafına həsr edib, zəngin yaradıcılığı ilə milli musiqi tariximizdə özünəməxsus yer tutub.

Qeyd olunub ki, Vamiq Məmmədəliyev uzun illər ərzində həm ifaçı, həm də pedaqoq kimi səmərəli fəaliyyət göstərərək Azərbaycan tar məktəbinin inkişafına mühüm töhfələr verib. Onun yetişdirdiyi çoxsaylı tələbələr bu gün ölkəmizin musiqi həyatında uğurla fəaliyyət göstərərək milli ifaçılıq ənənələrinin davam etdirilməsinə xidmət edirlər.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova da çıxış edərək yubilyarı təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq nailiyyətləri arzulayıb.

Çıxışlarda vurğulanıb ki, Vamiq Məmmədəliyev tar alətinin zəngin ifadə imkanlarını yüksək peşəkarlıqla nümayiş etdirərək Azərbaycan muğam sənətinin ölkəmizdə və beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfələr verib. Onun Qızıl Fondda qorunan ifaları və görkəmli xanəndələrlə yaratdığı sənət nümunələri milli musiqi irsimizin dəyərli incilərindəndir.

Tədbirin bədii hissəsində tanınmış xanəndə və tarzənlər tərəfindən muğam və xalq mahnılarından ibarət konsert proqramı təqdim olunub. İfaçıları Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu müşayiət edib.