ADMİU-nun rektoru Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalda iştirak edir

İyunun 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı öz işinə başlayıb.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova, kafedra müdirləri professor Fəridə Səfiyeva və dosent Əfşan Şəfiyeva da iştirak edirlər.
Konqres-festivalın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Ordubad şəhərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin təqdimatında Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş bədii kompozisiya və I və II “Qərbi Azərbaycana Qayıdış” konqres-festivallarını əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək Qərbi Azərbaycan mövzusunun Azərbaycan xalqının tarixi yaddaşı, milli kimliyi və mənəvi irsi ilə ayrılmaz şəkildə bağlı olduğunu bildirib.
Vurğulayıb ki, bu məsələyə dövlət səviyyəsində daim böyük diqqət göstərən Ümummilli Liderimiz Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyini hər zaman diqqətdə saxlayıb, onların hüquqlarının müdafiəsini mühüm vəzifələrdən biri kimi müəyyən edib. Bu gün həmin siyasi kurs uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və rəhbərliyi, Azərbaycan xalqının birliyi və qəhrəman oğullarımızın şücaəti ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin tam suverenliyinin təmin edilməsi xalqımızın tarixində yeni bir mərhələ açıb. Bu şanlı qələbələr Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirib.
Məhz yeni reallıqlar şəraitində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qərbi Azərbaycan məsələsini milli gündəliyin mühüm istiqamətlərindən biri kimi müəyyən edib. Bu istiqamətdə aparılan tədqiqatlar, nəşr olunan elmi əsərlər, toplanan arxiv materialları, folklor nümunələri və etnoqrafik irs nümunələri təkcə keçmişimizin öyrənilməsin deyil, həm də gələcək nəsillərin milli yaddaşının möhkəmləndirilməsinə xidmət edir. Səlahiyyətli nümayəndə Qərbi Azərbaycana Qayıdış III Konqres-Festivalının tariximizin öyrənilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və gənc nəslin tarixiyaddaşının gücləndirilməsi baxımından uğurlu nəticələrlə yadda qalacağına əminliyini bildirib, tədbirin bütün iştirakçılarına uğurlar arzulayıb, konqres-festivalın işinə müvəffəqiyyətlər diləyib.
Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qərbi Azərbaycan mövzusunun ölkəmizin təhsil və elmi sahələrdə əsas mövzulardan birinə çevrildiyini diqqətə çatdıraraq bu istiqamətdə Qərbi Azərbaycan İcmasının, eləcə də elm müəssisələrinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rolunu xüsusi qeyd edib. Nazir vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu ideyadan strateji fəaliyyət mərhələsinə keçib. Ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdışla bağlı sistemli təşkilatlanma, maarifləndirmə və araşdırma tədbirləri həyata keçirilir. Emin Əmrullayev Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan resurslar və tədris vəsaitlərinin ictimai müzakirəyə açıq olduğunu vurğulayıb, elmi ictimaiyyəti, ali təhsil müəssisələri və alimləri bu prosesdə daha fəal iştiraka və öz töhfələrini verməyə çağırıb.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konqres-festivalın təşkil olunmasında əməyi keçən bütün təşkilatlara minnətdarlıq edərək bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ölkəmizin xarici siyasət konsepsiyasının mühüm prioritet istiqamətlərindən biridir. Ölkəmiz sülh gündəliyinə sadiqdir və bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirir. Bu prosesin əsas hədəflərindən biri də Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma torpaqlarına qovuşmasıdır. Bu baxımdan Qərbi Azərbaycana qayıdış konsepsiyası öz yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlının ləyaqətli, təhlükəsiz və hüquqi əsaslarla geri qayıtmasını özündə əks etdirən prioritet məsələdir. Bu mənada Azərbaycanın ortaya qoyduğu yanaşma siyasi məqsədlərdən daha çox humanitar mahiyyət daşıyır.
Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Türkiyənin İğdır Universitetinin rektoru Ekrem Gürel çıxış edərək konqres-festivalın önəm və mahiyyətindən danışıblar.
Sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Qərbi Azərbaycan” layihəsinin təqdimatı izlənilib.
Bədii hissə ilə davam edən tədbirə Qərbi Azərbaycanın zəngin folklorunu, musiqi ənənələrini və milli-mənəvi dəyərlərini özündə əks etdirən konsert proqramı təşkil edilib. Konsert proqramında ADMİU-nun Muğam sənəti kafedrasının müəllimləri Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar öz ifaları ilə iştirakçılara xoş anlar bəxş ediblər.
Bədii hissənin ardınca Qərbi Azərbaycana həsr olunmuş sərgilərə baxış olub. Ordubadın qədim məhəllələri boyunca qurulan pavilyon və stendlərdə əslən Qərbi Azərbaycandan olan və muxtar respublikada yaşayan soydaşlarımız öz doğma yurd yerlərinin adət-ənənələri, mədəniyyəti, folklor nümunələri və kulinariyasını nümayiş etdiriblər.
Müasir texnologiyalarla ənənəvi sənət nümunələrini bir araya gətirən ekspozisiyalar iştirakçılara Qərbi Azərbaycanın keçmişini, mədəniyyətini və həyat tərzini yaxından tanımaq imkanı yaradıb.
Azərbaycan aşıq sənətinin qədim ənənələrini yaşadan ustad aşıqların ifasında dastanlar və xalq musiqisi nümunələri təqdim olunub. Həmçinin görkəmli rəssam Mirzə Qədim İrəvaninin yaradıcılığını əks etdirən sənət nümunələri nümayiş olunub, onun Azərbaycan təsviri sənətinə verdiyi töhfələr təqdim edilib. Xalça sərgisində isə Qərbi Azərbaycan xalçaçılıq məktəbinin ənənələri, qədim ornamentləri və əl işləri sərgilənib.
Qərbi Azərbaycanın tarixi, təbiəti, milli-mədəni dəyərləri, eləcə də bölgənin tarixi abidələrini və maddi-mədəni irsini əks etdirən rəsm sərgiləri də maraqla qarşılanıb.
Festival iştirakçıları Qərbi Azərbaycan florası, kulinariyası, qədim yurd yerlərimizin tarixi, mədəniyyəti və ictimai həyatı ilə bağlı kitab, jurnal, qəzet sərgilərinə də baxıblar.
Konqres-festival Qərbi Azərbaycanın tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinə həsr olunmuş 8 istiqamət üzrə plenar iclas və panel müzakirələrlə öz işini davam etdirib.