ADMİU-nun əməkdaşı beynəlxalq elmi platformanın yeniliklərinə həsr olunmuş vebinarda iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris şöbəsinin böyük mütəxəssisi, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Natiq Mürsəlov beynəlxalq elmi nəşrlərin qiymətləndirilməsi sahəsində mühüm əhəmiyyət kəsb edən “Journal Citation Reports” Platformasının 2026-cı il buraxılışının icmalı və yenilikləri mövzusunda keçirilmiş onlayn vebinarda iştirak edib. 23 iyun 2026-cı il tarixində təşkil olunmuş vebinar zamanı “Journal Citation Reports” (JCR) platformasının 2026-cı il buraxılışında tətbiq edilən yeniliklər, elmi jurnalların qiymətləndirilməsi meyarlarında aparılmış dəyişikliklər, sitat indekslərinin təhlili və platformanın tədqiqatçılar, ali təhsil müəssisələri və elmi təşkilatlar üçün təqdim etdiyi yeni imkanlar barədə ətraflı məlumat verilib.

Qlobal elmi informasiya və analitika şirkəti olan “Clarivate” tərəfindən təşkil edilmiş vebinarda təqdim olunan məlumatlar universitetdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Journal Citation Reports” platformasının yenilikləri ilə tanışlıq professor-müəllim heyəti və tədqiqatçılara tədris materiallarının hazırlanması zamanı yüksək impakt faktorlu və etibarlı elmi mənbələrin seçilməsinə, magistrantların akademik yazı bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də elmi-tədqiqat fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilinə töhfə verir. Əldə olunan biliklərin tədris prosesində tətbiqi təhsilalanların müasir elmi informasiya resurslarından səmərəli istifadə vərdişlərinin formalaşmasına və universitetdə elmi-tədris mühitinin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir. Həmçinin, qazanılmış bilik və təcrübə ADMİU-da elmi fəaliyyətin təşkili, beynəlxalq elmi bazalar üzrə məlumatlılığın artırılması, habelə universitet əməkdaşları və tədqiqatçılarının beynəlxalq elmi nəşr strategiyalarının təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Natiq Mürsəlov vebinarda fəal iştirakına görə təşkilatçılar tərəfindən iştirak sertifikatı ilə təltif olunub.