ADMİU-nun müəllimi beynəlxalq konqresdə çıxış edib

ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov iyulun 1-də AMEA-nın Rəyasət Heyətində keçirilən “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” adlı beynəlxalq konqres çərçivəsində təşkil olunan “Türkoloji sənətşünaslıq” diskussiya panelində çıxış edib. O, “Türk miniatürlərində kompozisiya həllinin bədii prinsipləri” mövzusunda məruzə təqdim edib.

Məruzədə türk miniatürlərinin yaranma və inkişaf mərhələləri, kompozisiya quruluşunun tarixi təkamülü, eləcə də Təbriz miniatür məktəbinin Şərq təsviri sənətindəki əhəmiyyəti elmi əsaslarla təhlil olunub. XIII–XVIII əsrləri əhatə edən inkişaf mərhələləri ardıcıllıqla təqdim edilərək hər dövrün kompozisiya xüsusiyyətləri müqayisəli şəkildə izah edilib.

Çıxışda kompozisiyanın quruluş prinsipləri və bədii ifadə vasitələri türk miniatürlərinin əsas estetik xüsusiyyətləri kimi qiymətləndirilib. Bu prinsiplərin miniatür sənətinin bədii dəyərinin formalaşmasındakı rolu konkret nümunələr əsasında izah olunub.