ADMİU“ESXİL və К°” dramaturgiya müsabiqəsi elan edir
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın həyata keçirilməsi ilə bağlı icra olunacaq tədbirlər çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə 16-20 noyabr 2026-cı il tarixlərində pyes müsabiqəsinin keçirilməsi planlaşdırılır. Bildiyimiz kimi, Konsepsiyanın “8.4. – Ədəbiyyatın inkişafı” prioritetinin “8.4.1 – Mədəniyyətin inkişafında, eləcə də məntiqi, tənqidi və yaradıcı təfəkkürün formalaşmasında ədəbiyyatın rolunun artırılması” istiqaməti özündə həmçinin yüksək bədii-estetik dəyərə malik ədəbi əsərlərin sayında müsbət dinamikaya nail olunması hədəfini ehtiva edir. Bu baxımdan, sözügedən konsepsiyanın gerçəkləşdirilməsi istiqamətində təhsilalanlar arasında dramaturji əsərlərə marağın artırılması məqsədilə “ESXİL və К°” dramaturgiya müsabiqəsinin faydalı olacağına inanırıq.
Müsabiqəyə qəbul şərtləri:
Müsabiqəyə ali təhsil müəssisələrinin bütün səviyyələr üzrə təhsilalanları qoşula bilər. Pyeslərin yazılma dili: Azərbaycan dili. Bir müəllif müsabiqəyə yalnız bir pyes təqdim edə bilər (həmçinin həmmüəlliflikdə). Pyeslər Microsoft Word formatlı faylda 14 ölçülü Times New Roman şrifti ilə yazılmalı və A4 ölçülü vərəqdə yazılmış mətnin kənarları aşağıda göstərilən məsafə gözlənilməklə tərtib olunmalıdır: soldan 3 cm, sağdan 1 cm, yuxarıdan və aşağıdan 2 cm.
Dramaturgiya müsabiqəsində qaliblər üç nominasiya üzrə seçiləcəklər:
1. Ən yaxşı irihəcmli pyes
2. Ən yaxşı kiçikhəcmli pyes
3. Süni İntellektlə yazılmış ən yaxşı pyes
Müsabiqəyə təqdim olunan irihəcmli pyeslərin həcmi, sətirlərarası interval 1,5 olmaqla, 100 səhifəni, kiçikhəcmli pyeslər üçün 10 səhifəni keçməməlidir.
Qaliblərin seçimində başlıca meyarlar ideya orijinallığı, mövzunun aktuallığı və tamaşaya qoyulma potensialıdır. Müsabiqəyə təqdim edilən pyeslərə janr və mövzu məhdudiyyəti qoyulmur.
Müsabiqəyə təqdim olunan pyeslər daha öncə heç yerdə nəşr olunmamalı, internet məkanında paylaşılmamalı və tamaşaya qoyulmamılıdır. Müsabiqəyə təqdim olunmuş bütün mətnlər antiplagiat yoxlanışından keçəcək. Süni intellektlə yazılan pyeslər istisna olmaqla, müsabiqəyə təqdim olunmuş pyeslər həmçinin Sİ-dən istifadə yoxlanışından da keçəcək.
İştirakçılar pyeslə yanaşı aşağıdakı sənədləri təşkilat komitəsinə təqdim etməlidirlər:
Müəllifin şəxsiyyət vəsiqəsinin surəti.
Ali təhsil müəssisəsinin rəhbərliyinin razılıq məktubu (digər universitetlərin tələbələri üçün).
Müsabiqəyə pyes qəbulu 30 sentyabr 2026-cı il tarixinədək davam edəcək. Pyeslər asucadramacontest@admiu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Müsabiqənin gözlənilən nəticəsi kimi seçilmiş pyeslərin Teatr sənəti fakültəsinin aktyorluq ixtisasının tələbələri tərəfindən oxunması və toplu şəklində çapı nəzərdə tutulur.

