GabalaFest çərçivəsində “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi başa çatıb
Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Gilan Holdinqin dəstəyi ilə keçirilən “GabalaFest” bu il yenilənmiş formatda baş tutub. 29 iyul – 3 avqust tarixlərini əhatə edən festival klassik musiqi ilə yanaşı, tətbiqi incəsənət, ədəbiyyat, ustad dərsləri, sərgilər və açıq hava tədbirlərini özündə birləşdirərək Qəbələni altı gün ərzində beynəlxalq mədəniyyət və incəsənət məkanına çevirib.
Festival çərçivəsində ilk dəfə olaraq “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi təşkil olunub. Sərgidə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən olan tanınmış rəssamların əsərləri nümayiş etdirilib.
Ekspozisiyada Azərbaycanın Xalq rəssamı Arif Əzizin seçilmiş əsərləri də yer alıb. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Arif Əziz özünəməxsus bədii üslubu, rəng həlləri və dərin məzmunlu kompozisiyaları ilə sərgi ziyarətçilərinin diqqətini cəlb edib.
Sərgidə həmçinin azərbaycanlı rəssam Röya Həsənin əsərləri də nümayiş olunub. Müəllifin təqdim etdiyi əsərlər müasir təsviri sənətdə fərdi bədii baxışı və yaradıcı axtarışları əks etdirərək iştirakçılar tərəfindən maraqla qarşılanıb.

