ADMİU magistr tələbəsi Çanaqqala Seramik Simpoziumunda “Zəfər xalçası” layihəsini təqdim edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbəsi, Azərbaycan Milli İncəsənət Muzeyinin Tikmə fondunun müdiri Könül Zeynalova Türkiyədə keçirilən I Beynəlxalq Çanaqqala Seramik Simpoziumunda onlayn məruzə ilə çıxış edib.

Könül Zeynalova simpoziumun Azərbaycan sessiyasında “Nakhchivan: An Ancient Land of Azerbaijan – Architectural Heritage, Carpet Art, and Cultural Traditions” mövzusunda məruzə təqdim edib. Çıxışı zamanı müəllif magistr dissertasiya işi çərçivəsində hazırladığı “Zəfər xalçası” layihəsini də iştirakçılara təqdim edib.

Layihənin bədii kompozisiyasında Möminə Xatun türbəsinin şəbəkəli ornamentləri və Zəfər abidəsinin memarlıq quruluşundan ilham alınaraq milli irs ilə müasir zəfər ideyası vahid sənət həllində ifadə olunub.

Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və layihə Azərbaycan xalçaçılıq ənənələrinin müasir bədii yanaşma ilə sintezini əks etdirən yaradıcı nümunə kimi qiymətləndirilib. Simpozium müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirərək keramika, təsviri sənət və mədəni irs sahəsində beynəlxalq elmi müzakirələr üçün mühüm platforma rolunu oynayıb.