ADMİU-nun müəllimi Türk Dünyası Qadın Rəssamlarının Simpoziumunda iştirak edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşkilatçılığı ilə keçirilib. Layihə çərçivəsində Türk dünyasının 15 istedadlı qadın rəssamı 5 gün ərzində Şuşa və Xankəndi şəhərlərində olub, bu torpaqların zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olublar.
Sərgilənən hər bir əsər Qarabağın bərpa olunan mənəvi ruhunu, zəngin irsini və füsunkar gözəlliyini əks etdirir. Qeyd olunub ki, layihə türk xalqları arasında mədəni körpüləri möhkəmləndirmək, qadın rəssamların yaradıcılıq dünyasını tanıtmaq və şanlı Zəfərdən sonra dirçələn Qarabağın zəngin mədəni həyatını dünyaya nümayiş etdirmək məqsədi daşıyır.
Bundan əvvəl Bişkek (Qırğızıstan), Daşkənd (Özbəkistan) və Mərmərədə (Türkiyə) uğurla reallaşdırılan silsilə layihənin sayca 4-cüsü bu dəfə Türk dünyasının mədəniyyət beşikləri olan Şuşa və Xankəndi şəhərlərinin ev sahibliyi ilə keçirilib. Sentyabrın 20-si Xankəndi Mədəniyyət Mərkəzində təşkil olunan Türk Dünyası qadın rəssamlarının sərgisi keçirilib. Sərginin açılış mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cümayev çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. Simpoziumda iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Təsviri Sənət kafedrasının müəllimi Röya Həsənin dörd əsər sərgidə nümayiş olunub.