ADMİU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik edib. Rektor Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərindən, zəngin və çoxşaxəli yaradıcılığından danışıb. Bildirib ki, dahi bəstəkarın yaratdığı ölməz əsərlər xalqımızın mənəvi sərvətinə çevrilərək Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rol oynayıb.
Rəsmi hissədən sonra Musiqi sənəti fakültəsinin hazırladığı konsert proqramı təqdim olunub.
Bədii hissədə baş dirijor, respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurovun rəhbərliyi ilə ADMİU-nun Xalq Çalğı Alətləri orkestrinin ifasında musiqi nömrələri səsləndirilib. Ardınca ADMİU-nun “Xəzər” xor kollektivinin çıxışı təqdim edilib.
Konsert proqramında Üzeyir Hacıbəylinin və Azərbaycan musiqisinin görkəmli bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib.