ADMİU-nun müəllimi uşaqlar üçün ustad dərsi keçib
ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimi Fidan Cəfərli və universitetin məzunu Zöhrə Babayeva Cəbrayıl Şəhəri Günü münasibətilə oktyabrın 4-də Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin foyesində uşaqlar üçün rəssamlıq üzrə yaradıcı ustad dərsləri keçiblər.
Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi uşaqların təsviri sənətə marağının artırılması, onların yaradıcı bacarıqlarının inkişaf etdirilməsidir.
Ustad dərslərində Cəbrayıl şəhərində yaşayan uşaqlar iştirak ediblər. Onlar peşəkar rəssamların dəstəyi ilə rəsmlər çəkiblər.
Prosesin sonunda sərgi təşkil olunub.
Mədəniyyət nazirinin müşavirləri Cahangir Səlimxanov, Orxan Fikrətoğlu,
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Mehdizadə və digər qonaqlar sərgi ilə tanış olub, uşaqlarla söhbət ediblər.
Nümayiş olunan əsərlərdə Cəbrayıl rayonunun tarixi-mədəni və təbiət zənginlikləri, eləcə də milli atributlarımız əks etdirilib.
Rəssamlar və uşaqlar çəkdikləri rəsmlər barədə sərgi iştirakçılarına məlumat veriblər.

