Türküstanda IV TÜRKSOY Beynəlxalq Tələbə Teatr Festivalının açılışı olub

Qazaxıstanın Türküstan şəhərində türk dünyasının gənc teatr nümayəndələrini bir araya gətirən IV TÜRKSOY Beynəlxalq Tələbə Teatr Festivalının açılış mərasimi keçirilib. Qeyd edək ki, iki il əvvəl festival Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Bakıda keçirilib.
Festivalda ADMİU-nu Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova, ADMİU SABAH qruplarının rəhbəri, Teatr sənəti fakültəsinin baş müəllimi, tamaşanın rejissoru, Əməkdar artist Nofəl Vəliyev, səs rejissoru Fidan Ağazadə və universitetin müxtəlif fakültələrindən olan tələbə-aktyorlar təmsil edirlər. Tələbələr festival çərçivəsində Ken Kizinin “Ququş yuvası üzərindən uçuş” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcəklər.
5–8 oktyabr tarixlərində keçirilən festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin ali təhsil müəssisələrinin tələbələri, aparıcı müəllimləri və professorları iştirak edirlər.

Festivalın açılış mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti Qəyyumlar Şurasının sədri, professor, doktor Hüseyn Karaman, universitetin rektoru Canar Temirbekova və Türküstan vilayəti Mədəniyyət İdarəsinin rəhbəri Bakıtcan Sadıkov iştirak edərək çıxış ediblər.

Festivalın ilk tamaşası Temirbek Jürgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının yaradıcı kollektivi tərəfindən təqdim olunub. Kollektiv nümayiş etdirdiyi tamaşa ilə peşəkar sənətkarlığını və səhnə mədəniyyətini nümayiş etdirərək festivalın proqramına start verib.

Festivalın növbəti günlərində iştirakçı ölkələrin müxtəlif ali təhsil müəssisələrini təmsil edən teatr kollektivlərinin tamaşaları tamaşaçılara təqdim olunacaq.

IV TÜRKSOY Beynəlxalq Tələbə Teatr Festivalı gənc teatr sənətçilərinin yaradıcılıq potensialının üzə çıxarılması, türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi və teatr sənəti sahəsində yaradıcılıq əməkdaşlığının möhkəmləndirilməsi baxımından mühüm platformadır.