ADMİU-nun əməkdaşları III Keyfiyyət Təminatı Simpoziumunda iştirak edib
1–2 oktyabr 2026-cı il tarixlərində ADA Universitetində ali təhsildə keyfiyyət təminatı və keyfiyyət mədəniyyətinin inkişafına həsr olunmuş III Keyfiyyət Təminatı Simpoziumu keçirilib. Tədbir ADA Universitetinin ev sahibliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə təşkil olunub. Simpozium Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri Cavid Zeynalov və sektorun mütəxəssisi Anar Baba-zadə iştirak ediblər. Universitet nümayəndələri seminarlar, qrup müzakirələri və praktiki sessiyalarda fəal iştirak edərək keyfiyyət təminatı sahəsində təcrübə mübadiləsinə töhfə veriblər.
İki gün davam edən simpozium çərçivəsində ali təhsildə keyfiyyət təminatı və akkreditasiya sahəsində aktual məsələlər, müasir yanaşmalar və qabaqcıl təcrübələr ətrafında müzakirələr, seminarlar və praktiki sessiyalar təşkil olunub. Tədbirin əsas istiqamətlərini təhsil proqramlarının inkişafı, keyfiyyət siyasətinin və keyfiyyət mədəniyyətinin formalaşdırılması, eləcə də innovativ yanaşmaların ali təhsil prosesinə inteqrasiyası təşkil edib.
Simpoziumda milli və beynəlxalq ekspertlər tərəfindən akkreditasiya, keyfiyyətli tədris və təhsil, insan resurslarının inkişafı və ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemlərinin təkmilləşdirilməsi ilə bağlı müasir tendensiyalar və praktiki təcrübələr təqdim olunub. Eyni zamanda, təlim nəticələrinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, proqram akkreditasiyası, tələbə kompetensiyalarının inkişafı, məzunların əmək bazarına hazırlığı və süni intellektin tədrisdə məsuliyyətli istifadəsi kimi aktual məsələlər geniş müzakirə edilib. Simpozium Azərbaycan ali təhsil müəssisələri arasında təcrübə mübadiləsinin gücləndirilməsi, keyfiyyət təminatı sahəsində innovativ yanaşmaların müzakirəsi və davamlı inkişaf üçün əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edib.
Simpozium ali təhsildə keyfiyyət təminatının inkişafı, müasir yanaşmaların paylaşılması və qabaqcıl təcrübələrin öyrənilməsi istiqamətində faydalı müzakirələrlə yekunlaşıb.

