ADMİU-nun dosenti beynəlxalq teatr festivalında münsif kimi iştirak edib
1-7 oktyabr 2026-cı il tarixlərində Astana şəhərində Qazaxıstanın Xalq artisti, “Parasat” və “Qurmet” ordenlərinin laureatı, görkəmli teatr və kino aktrisası Meruert Utekeşevanın 75 illik yubileyinə həsr olunmuş IV “TEATR ALL” Beynəlxalq Teatr Festivalı baş tutub.
Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən aparıcı teatr kollektivlərinin, tanınmış mədəniyyət xadimlərinin qatıldığı beynəlxalq festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov beynəlxalq münsiflər heyətinin üzvü kimi iştirak edib.
Bir həftə davam edən festivalda Qazaxıstanın müxtəlif bölgələrindən gələn teatr kollektivləri ilə yanaşı, Azərbaycan, Qırğızıstan və Özbəkistan teatrları da öz tamaşalarını təqdim ediblər. Zəngin proqramı ilə seçilən festival günlərində yerli və xarici teatrların təqdim etdiyi 17 tamaşa təqdim olunub, sənətçilər arasında təcrübə mübadiləsi aparılıb. Festivalın proqramına B.Brextin “Meşşan toyu”, V.Şekspirin “Maqbet”, L.Tolstoyun “Anna Karenina”, L.Voyniçin “Ovod”, Ə.Nəvainin “Leyli və Məcnun”, Ç.Aytmatovun “Cəmilə”, M.Auezovun “Qaraş aşırımında atəş”, B.Jandarbekovun “Tomiris”, U.Qibson və H.Kellerin “Möcüzə yaradan, yaxud sevgi nədir?”, G.Musrepovun “Qız Jibek”, “Ulpan” kimi rəngarəng səhnə əsərləri daxil edilib.
Tədbirin sonuncu günündə – oktyabrın 7-də K.Bayseyitova adına Qazax Milli İncəsənət Universitetində M.Utekeşevanın yaradıcılığına həsr olunmuş beynəlxalq elmi-praktik konfrans baş tutub. Konfransda E.Cəfərov “Süni intellekt və teatrın yeni mövcudluq paradiqması” adlı məruzə ilə çıxış edib.
7 oktyabr tarixində K.Bayseyitova adına Qazax Milli İncəsənət Universitetinin səhnəsində IV “TEATR ALL” Beynəlxalq Teatr Festivalının təntənəli bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Festival çərçivəsində ADMİU və K.Bayseyitova adına Qazax Milli İncəsənət Universiteti, eləcə də Qazaxıstanın teatr müəssisələri arasında əməkdaşlıq əlaqələrinin perspektivləri, müştərək layihələrin keçirilməsi imkanları müzakirə olunub.

