ADMİU-da Elmi Şuranın növbəti iclası keçirilib
Oktyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasın əvvəlində sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən universitetin müəllimləri Vəfa Abbasova və Abbasağa Əlizadə təbrik ediliblər.
Gündəlik üzrə 2025–2026-cı tədris ilinin məzunlarına elektron diplom və əlavələrinin verilməsi, 2026–2027-ci tədris ilində doktoranturaya və əcnəbilərin universitetə qəbulunun nəticələri barədə məlumatlar dinlənilib.
Cari məsələlər çərçivəsində işə davamiyyət qeydiyyatının vəziyyəti, Kino-televiziya sənətləri kafedrasında məsləhətçi-professor vəzifəsinin təsis edilməsi və Xalq artisti, professor Oqtay Mirqasımın həmin vəzifəyə təyin olunması məsələləri müzakirə edilib.
Həmçinin universitetin Elmi-metodiki Şurasının yeni tədris ili üzrə fəaliyyət planının və 2026–2030-cu illər üzrə elmi-tədqiqat və yaradıcılıq strategiyasının təsdiqi məsələlərinə baxılıb. Psixoloji dəstək xidmətinin ötən tədris ili üzrə hesabatı dinlənilib, yeni tədris ili üçün fəaliyyət planı müzakirə olunub.

