ADMİU tələbələri Daun sindromlu şəxslərin Reabilitasiya Mərkəzində olublar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) artıq üçüncü ildir tədris olunan “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində tələbələrin praktiki təcrübəsi davam edir.

Fənnin nəzəri və praktiki istiqamətlərini birləşdirən tədris prosesi çərçivəsində universitet beş ixtisaslaşmış mərkəzlə əməkdaşlıq edir. Bu əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin inklüziv təhsil sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların müxtəlif ehtiyacları olan şəxslərlə işləmək təcrübəsi qazanmalarına şərait yaratmaqdır.

Bu çərçivədə Rəssamlıq fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II tədris ili tələbələri əməkdaşlıq edilən mərkəzlərdən biri olan Daun sindromlu şəxslərin Reabilitasiya Mərkəzində olublar. Tələbələr mərkəzin fəaliyyəti ilə tanış olub, benefisiar uşaqlarla birgə vaxt keçirərək onların gündəlik mühiti və ehtiyacları haqqında məlumat əldə ediblər.

Bu cür praktiki görüşlər gələcək təsviri incəsənət müəllimlərinin əlilliyi olan şəxslərlə işləmək, onların fərdi xüsusiyyətlərini nəzərə almaq və incəsənət vasitəsilə təlim prosesində iştiraklarını dəstəkləmək bacarıqlarının formalaşmasına xidmət edir.

Fənnin əsas məqsədi əlilliyi olan şəxslərə təsviri sənəti tədris edə bilən, inklüziv yanaşmanı mənimsəmiş və fərqli öyrənmə ehtiyaclarını nəzərə alan mütəxəssislərin hazırlanmasıdır.