Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi-praktik konfrans keçirilir

29–30 oktyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi-praktik konfrans keçirilir. Vətən müharibəsində Qələbənin 6-cı ildönümünə həsr olunan tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə baş tutur.

Konfrans “Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar”, “Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri”, “Tarixi silahların incəsənətdə yeri və rolu” və “Tarixi silahlar Azərbaycan bədii sənətkarlığının tərkib hissəsi kimi: ənənənin bərpası” mövzularında akademik sessiyaları əhatə edir.

Konfransın açılışında Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova, ADMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova, Qazi Universitetinin professoru Alev Kuru Çakmakoğlu və tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov çıxış ediblər. Çıxışlarda Azərbaycanın qədim dövrlərdən bu günədək formalaşmış silahşünaslıq tarixinin elmi əsaslarla araşdırılmasının genişləndirilməsi, ölkəmizə aid silah nümunələri haqqında məlumat mübadiləsinin təşviqi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Konfransda Azərbaycan və Türkiyədən olan mütəxəssislərin və müstəqil tədqiqatçıların silahşünaslığın aktual məsələlərinə həsr olunmuş 47 məruzəsi dinləniləcək, fikir və təcrübə mübadiləsi aparılacaq, gələcək tədqiqatlar üçün əməkdaşlıq imkanları müzakirə olunacaq.

Konfrans çərçivəsində “İRS – Heritage” jurnalının Azərbaycan silahşünaslığına həsr olunmuş növbəti nömrəsi təqdim ediləcək. Konfrans materialları isə elektron toplu şəklində ADMİU-nun müvafiq platformasında yerləşdiriləcək.

Qeyd edək ki, 30 oktyabr tarixində konfrans çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılacaq.