ADMİU-da türkiyəli professor Leyla Alpagutun mühazirəsi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Türkiyənin Başkent Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Leyla Alpagutun iştirakı ilə tələbələr üçün mühazirə təşkil olunub.
Sənətşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün keçirilən “Füreya Koral üzərindən XX əsr Türk sənəti” adlı təqdimatda XX əsr Türkiyə incəsənətinin inkişafı görkəmli rəssam və keramika sənətinin qabaqcıl nümayəndələrindən biri olan Füreya Koralın yaradıcılığı kontekstində nəzərdən keçirilib. Osmanlı dövründən Türkiyə Cümhuriyyətinin ilk illərinə və müasir dövrə uzanan sənət prosesləri, Koralın yaradıcılığının xüsusiyyətləri və türk keramika sənətinin inkişafındakı rolu mühazirənin əsas mövzularını təşkil edib.
Türkiyənin Başkent Universitetinin İncəsənət, Dizayn və Memarlıq fakültəsində fəaliyyət göstərən professor Leyla Alpagut Türkiyənin sənət və memarlıq tarixi üzrə araşdırmaları ilə tanınır. Onun elmi maraq dairəsinə xüsusilə Türkiyədə erkən Cümhuriyyət dövrünün memarlığı və həmin dövrdə baş verən mədəni dəyişikliklər daxildir.
Mühazirədən sonra professor Leyla Alpagut ADMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevil Kərimova ilə görüşüb. Görüşdə incəsənət və sənətşünaslıq sahəsində akademik əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslərin perspektivləri müzakirə olunub.