ADMİU-da Qazaxıstanlı magistrantların elmi-tədqiqat təcrübəsi başa çatıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 15 magistrantı üçün təşkil olunmuş elmi-tədqiqat təcrübəsi başa çatıb.

Təcrübənin yekununda Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən professor Şirinbəy Əliyev və Rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova tələbələrin təcrübə müddətinin necə keçdiyi ilə maraqlanıblar, onların təəssüratlarını dinləyiblər və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

Magistrantlar təcrübə müddətində onlara yaradılmış imkanları yüksək qiymətləndirərək təşəkkürlərini bildiriblər. Onlar Bakıdakı teatrları ziyarət etmək, konsertlərdə və tamaşalarda iştirak etmək, universitetin kitabxanasında elmi araşdırmalar aparmaq, eləcə də öz ixtisas istiqamətləri üzrə mütəxəssislərlə fikir mübadiləsi aparmaq imkanlarının onlar üçün xüsusilə faydalı olduğunu qeyd ediblər.

Görüşün sonunda magistrantlara elmi-tədqiqat təcrübəsini uğurla başa vurmalarını təsdiq edən sertifikatlar təqdim olunub.