ADMİU-nun rektoru Naxçıvanda keçirilən Respublika Elmi Konfransında iştirak edir
Oktyabrın 30-da Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı – NASCO 29 öz işinə başlayıb.
Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan konfransa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudovanın rəhbərliyi ilə nümayəndə heyəti və doktorantlar da qatılıblar.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Ardınca NDU İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun konfransda iştirak edən universitet rektorlarının portretlərindən ibarət sərgisinə baxış keçirilib.
Heydər Əliyev Sarayında baş tutan açılış mərasimində öncə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Himni səsləndirilib.
Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında konfransın gənc tədqiqatçılar üçün elmi yeniliklərin müzakirəsi, yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. İdris İsayev Prezident İlham Əliyev tərəfindən elm, təhsil və innovasiyanın ölkəmizdə inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib.
Daha sonra “Dövlət Proqramı” xətti ilə dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan azərbaycanlı gənc tədqiqatçıların çıxışlarından ibarət videoçarx nümayiş olunub.
Tədbirdə konfransın tərəfdaş qurumlarına təşəkkür plaketləri təqdim olunub və xatirə fotosu çəkdirilib.
Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Konfransa ölkənin 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub. Elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçının müəllifi olduğu 1028 elmi iş qəbul edilib. Hibrid (onlayn və əyani) formatda təşkil olunan konfrans 2 gün ərzində 21 zalda, 104 bölmə üzrə öz işini davam etdirəcək.
Ölkənin müxtəlif elm və təhsil müəssisələrindən doktorant, dissertant və gənc tədqiqatçıları bir araya gətirən konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) üç müəllim-doktorantla təmsil olunub.
Universitetin elmi potensialını və müxtəlif tədqiqat istiqamətlərini əks etdirən məruzələr aşağıdakı mövzuları əhatə edir:
Səbinə Namazova – “Təbriz və Moğol miniatürlərində döyüş səhnələrinin ikonoqrafiyası və kompozisiya xüsusiyyətləri”;
Lalə Məcidova – “Müasir cəmiyyətdə ailə institutunun ontoloji transformasiyası”;
Nəzrin Arixova – “Müasir KİV və sosial media platformalarının təsiri ilə ictimai normaların və fərdi davranışın dəyişmə dinamikası”.
Müxtəlif elmi istiqamətləri əhatə edən bu tədqiqatlar incəsənət tarixi, sosial fəlsəfə və müasir kommunikasiya proseslərinin öyrənilməsi baxımından aktual elmi məsələlərə diqqət çəkir.
NASCO 29 gənc tədqiqatçıların elmi nəticələrinin təqdimatı, akademik fikir mübadiləsi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

