ADMİU-da “Sİ ilə daha asan tədris” mövzusunda təlim keçirilib

Noybarın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlər üçün süni intellekt vasitəsilə fakültələr üzrə proqramların istifadəsinə həsr olunmuş praktiki təlim keçirilib.
İctimaiyyətlə əlaqələr, marketinq və süni intellekt şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən təlimi giriş sözü ilə şöbənin müdiri Sitarə Abdullayeva açaraq süni intellektin tədrisə tətbiqi, eləcə də süni intellekt və incəsənət mövzusuna toxunub. Bildirib ki, sürətli süni intellekt keçidini nəzərə alaraq, universitet müəllimləri bu sahəyə istiqamətləndirməyə və onların rəqəmsal bacarıqlarını artırmağa xüsusi önəm verir.
Daha sonra şöbənin süni intellekt üzrə baş mütəxəssisi Sabir Abbaszadə və Kino və televiziya tədris studiyasının müdiri, İctimaiyyətlə əlaqələr, Marketinq və Süni intellekt (Sİ) şöbəsinin əməkdaşı, Sİ video mütəxəssisi Azər Həsənov “Sİ ilə daha asan tədris” mövzusunda təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində ali təhsil müəssisəsinin pedaqoji heyətinə süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası və müasir rəqəmsal alətlərdən səmərəli istifadə istiqamətində əsaslı biliklər aşılanıb.
Sonda bildirilib ki, bu təlimlər davamlı xarakter daşıyacaq və gələcəkdə yalnız müəllimlər üçün deyil, həmçinin tələbələr üçün də həyata keçiriləcək. İnstitusional səviyyədə həyata keçirilən bu cür təşəbbüslər təhsilin keyfiyyətinin artırılmasına və qabaqcıl texnologiyaların akademik mühitə dərindən tətbiqinə xidmət edir.
Universitet daxilində süni intellekt alətləri üzrə tədqiqat və tətbiq işləri davam etdirilir, həmçinin professor-müəllim heyətinin bu yeniliklərə uyğunlaşması istiqamətində zəruri addımlar atılır.