ADMİU-nun dosenti Bişkekdə keçirilən XIV Respublika Teatr Festivalında münsif kimi iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov 26-30 oktyabr 2026-cı il tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən XIV Respublika Teatr Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edib.
Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival Qırğızıstanda peşəkar teatrının yaranmasının 100 illiyinə həsr olunub.
Festival 26 oktyabrda T. Abdumomunov adına Qırğız Milli Akademik Dram Teatrında təntənəli açılış mərasimi ilə başlayıb. Beş gün ərzində Bişkekin müxtəlif səhnələrində ölkənin aparıcı teatr kollektivlərinin tamaşaları nümayiş olunub. Festivalda Bişkek teatrları ilə yanaşı, Oş, İssık-Kul, Çüy və Alay bölgələrinin teatrları da çıxış edib. Proqramda qırğız dramaturqlarının əsərləri ilə yanaşı, dünya klassikasının və müasir dramaturgiyasının nümunələri də yer alıb.
Beynəlxalq münsiflər heyətinin üzvü kimi Elçin Cəfərov festival tamaşalarının peşəkar və obyektiv qiymətləndirilməsində yaxından iştirak edib. Festival 30 oktyabrda T. Abdumomunov adına Qırğız Milli Akademik Dram Teatrında keçirilən bağlanış mərasimi ilə yekunlaşıb. E.Cəfərov həmçinin 2 noyabr 2026-cı il tarixində “Avropatipli Qırğız teatrının 100 ili: tarix və müasir inkişaf” mövzusunda beynəlxalq elmi-praktiki konfransda onlayn qaydada iştriak edərək, “Müasir teatrın metafizikası və süni intellekt” adlı məruzə ilə çıxış edib. Festivalda iştirak Azərbaycan və Qırğızıstan arasında teatr sahəsində peşəkar və mədəni əməkdaşlığın inkişafına töhfə verib.

