ADMİU-nun müəllimləri Türk Dövlətlərinin Zirvə Görüşündə ölkəmizi təmsil ediblər
28–30 oktyabr tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 13-cü Zirvə Görüşü keçirilib.
Zirvə çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Prezident Sarayında TÜRKSOY-un solistlərindən ibarət möhtəşəm Qala Konserti təşkil olunub.
Azərbaycanı bu mötəbər tədbirdə “Vətən” muğam qrupunun solistləri, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının müəllimləri – tanınmış tarzən Ruslan Zərbaliyev və kamança ifaçısı Pərviz Fərhadov uğurla təmsil ediblər.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan peşəkar musiqiçilərin birləşdiyi TÜRKSOY Orkestri Türk dünyasının mədəni birliyini öz zəngin repertuarı ilə nümayiş etdirir.
Tədbirə qatılan ölkələrin hər birinə aid milli musiqi nümunələrinin təqdim olunduğu konsert proqramında Azərbaycanın ölməz xalq mahnısı “Sarı gəlin” böyük coşqu ilə səsləndirilib.

