ADMİU-da Zəfər gününə həsr olunmuş tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın milli birliyindən və Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətindən bəhs edib.
Daha sonra Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının müdiri Əhmədova Tamella, həmin kafedranın müəllimi Ülkər Rzayeva öz çıxışlarında 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi misilsiz şücaətdən, xalq-dövlət birliyindən, tarixi zəfərin gələcək nəsillərə doğru-düzgün təbliği istiqamətində gənclərin rolundan bəhs ediblər.
Tədbir çərçivəsində Sosial iş ixtisasının III kurs tələbələri Qələbənin Azərbaycan xalqı üçün daşıdığı mənəvi əhəmiyyəti əhatə edən təqdimatlarla çıxış ediblər.
Həmçinin, tədbirin xüsusi qonaqları olan Vətən müharibəsi qaziləri öz döyüş xatirələrini, yaşadıqları təcrübələri və Zəfərə aparan yolda qarşılaşdıqları çətinlikləri tələbələrlə bölüşüblər.