Kulturologiya fakültəsində Zəfər Gününə həsr olunmuş silsilə görüşlər keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə görüşlər keçirilib. Bu çərçivədə təşkil olunan görüşlərdən biri Sosial-siyasi elmlər kafedrasının təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva açaraq Zəfər Gününün Azərbaycan tarixindəki mühüm yerindən, 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirilən xalq-dövlət birliyindən bəhs edib. O, qazanılan tarixi Qələbənin milli həmrəyliyin və dövlətçilik iradəsinin təntənəsi olduğunu vurğulayıb.
Daha sonra Kulturologiya fakültəsinin dekanı, dosent Siyavuş Məhişov çıxış edərək 8 Noyabr tarixinin əhəmiyyətindən, Azərbaycanın son 200 illik tarixində qazandığı möhtəşəm Qələbədən söz açıb. O, Zəfərin xalqımızın yaddaşında silinməz iz qoyduğunu və milli tariximizin ən mühüm hadisələrindən biri kimi xüsusi yer tutduğunu qeyd edib.
Tədbirdə Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Şəfiyeva məruzə ilə çıxış edərək Qarabağın işğaldan azad olunmasının siyasi və tarixi əhəmiyyətindən danışıb. O, Zəfərə aparan tarixi proseslər, Azərbaycanın ərazi bütövlüyünün bərpası və əldə olunan Qələbənin beynəlxalq-siyasi müstəvidə əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib.
Həmçinin Sosial-siyasi elmlər kafedrasının müəllimləri Mübariz Mehdiyev və Sevinc Məmmədova mövzu ətrafında çıxış edərək Zəfər Gününün milli yaddaşda yeri və gələcək nəsillərə ötürülməsi məsələlərinə toxunublar.

