ADMİU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva çıxış edərək Zəfər Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edib.
Sosial-siyasi elmlər kafedrasının müdiri Əfşan Şəfiyeva 44 günlük müharibə günlərində xalq-dövlət birliyindən, Qarabağın azadlığının siyasi və tarixi əhəmiyyətindən bəhs edib.
Xalq rəssamı Xanlar Əhmədov, ADMİU-nun kafedra müdirləri Əli Əmirli, Gülşad Baxşıyeva da öz çıxışlarında Zəfər tarixinin milli yaddaşımızda və Azərbaycan mədəniyyətində tutduğu yerdən söz açıblar.
Daha sonra müharibədə iştirak etmiş qazi məzun və tələbələr çıxış edərək öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin bədii proqramı universitetin müəllim və tələbələrinin ifasında təqdim olunan musiqi və poetik kompozisiyalarla davam edib. Müəllim Pərvanə Namazova Zəfər Gününə həsr olunmuş şeir parçası səsləndirib. Fidan Süleymanzadə Bəxtiyar Nəsibovun sözlərinə və musiqisinə bəstələnmiş “Qarabağ” mahnısını, IV kurs tələbəsi Paşa Ağayev isə şeir kompozisiyasını təqdim edib. İzzət Mənsimov İsmayıl Dadaşovun sözlərinə, Ələkbər Məmmədovun musiqisinə bəstələnmiş “Mənim Azərbaycanım” mahnısını, Nurlan Səfərov isə A.Pənahın sözlərinə, Ə.Məmmədovun musiqisinə yazılmış “Ana Yurdum” mahnısını ifa edib.
Aktyor sənəti kafedrasının müəllimi Nofəl Vəliyevin rəhbərliyi ilə 26-cı qrup tələbələrinin hazırladığı Zəfər Gününə həsr olunmuş xüsusi teatr etüdü də nümayiş etdirilib. Proqram ADMİU-nun Xalq çalğı alətləri ansamblının ifasında “Çahargah” və “Şüştər” rəngləri ilə davam edib. Bədii proqramın sonunda bütün solistlərin birgə ifasında “Yaşa mənim xalqım” mahnısı səsləndirilib.
Tədbir çərçivəsində müəllimlərin yaradıcılıq işlərindən ibarət “Zəfərin İşığı” adlı rəsm sərgisi də təqdim olunub. Həmçinin Zəfər Gününə həsr edilmiş “Azad” filmi nümayiş etdirilib.

