ADMİU-nun tələbəsi ABŞ-də Zəfər gününə həsr olunmuş tədbirdə çıxış edib
Noyabrın 9-da ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Vaşinqton şəhərində yerləşən məkanında Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə Zəfər Gününə və Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş xüsusi tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) II təhsil ili magistrantı, respublika və beynəlxalq müsabiqələr laureatı, Heydər Əliyev təqaüdçüsü, pianoçu Həmayə Baxışova musiqili proqramla çıxış edib. Onun sənət fəaliyyətində mühüm rola malik olan müəllimi — Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Mehdiyevanın pedaqoji rəhbərliyi ilə formalaşan ifaçılıq bacarığı bu mötəbər səhnədə də öz əksini tapıb.
Tədbirin açılışı Həmayə Baxışovanın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də İzmirdə baş vermiş faciəvi fabrik partlayışı nəticəsində həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri cənab Xəzər İbrahimin çıxışı ilə davam edib. Ardınca musiqi proqramına start verilib. Pianoçu Həmayə Baxışova Azərbaycan və dünya bəstəkarlarının zəngin yaradıcılıq irsini əhatə edən repertuarla tədbir iştirakçılarının qarşısına çıxıb. Onun ifasında Üzeyir Hacıbəylinin, Arif Məlikovun, Cövdət Hacıyevin, Adilə Yusifovanın, Frans Listin, Kamil Sen-Sansın və digər bəstəkarların əsərləri səsləndirilib. Musiqi proqramı Müslüm Maqomayevin əbədiyaşar “Azərbaycan” mahnısı ilə yekunlaşıb.
Həmayə Baxışovanın yüksək ifaçılıq məharəti, səhnə mədəniyyəti və musiqi duyumu ilə seçilən çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Tədbirin sonunda səfir Xəzər İbrahim gənc pianoçunun uğurlu çıxışını yüksək qiymətləndirərək ona xoş sözlərini çatdırıb və Həmayə Baxışovanı xüsusi sertifikatla təltif edib.

