ADMİU-da “İncə” adlı Süni İntellekt rəqəmsal köməkçi təqdim olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində növbəti yenilik təqdim edilib. Universitet üçün hazırlanmış “İncə — ADMİU Sİ Köməkçisi” adlı rəqəmsal köməkçi universitet rəhbərliyinə təqdim olunub.
Təqdimat zamanı ADMİU-nun İctimaiyyətlə əlaqələr, Marketinq və Süni intellekt şöbəsinin müdiri Sitarə Abdullayeva layihənin məqsədi, universitetin rəqəmsal kommunikasiya imkanlarının genişləndirilməsində rolu və istifadəçilər üçün yaradacağı üstünlüklər barədə məlumat verib.
Bildirilib ki, “İncə” abituriyentlər, tələbələr, valideynlər və universitetlə maraqlanan şəxslərin ADMİU ilə bağlı tez-tez verdiyi sualları operativ şəkildə cavablandırmaq üçün hazırlanıb. Sistem qəbul, qabiliyyət imtahanları, fakültə və ixtisaslar, təhsil haqqı, təqaüdlər, dərs saatları, universitet strukturu, əlaqə məlumatları və digər istiqamətlər üzrə rəsmi məlumat bazasına əsaslanır.
Daha sonra Süni intellekt və rəqəmsal marketinq üzrə baş mütəxəssis Sabir Abbaszadə rəqəmsal köməkçinin texniki imkanlarını təqdim edib. O, sistemin məlumat bazasının formalaşdırılması, universitetin rəsmi saytına inteqrasiyası, cavabların mənbələrə əsaslanması, təhlükəsizlik məhdudiyyətləri və gələcək inkişaf imkanları barədə məlumat verib.
Qeyd olunub ki, “İncə” hazırda ADMİU-nun rəsmi saytına texniki olaraq inteqrasiya edilib. Eyni zamanda sistemin sosial media kanalları ilə əlaqələndirilməsi istiqamətində də işlər görülüb. Layihə hazırda test və təkmilləşdirmə mərhələsində olduğundan ictimai istifadə mərhələli şəkildə həyata keçiriləcək.
Təqdimat zamanı sistemin əsas məqsədinin əməkdaşları əvəz etmək deyil, universitetə daxil olan təkrarlanan və standart informasiya sorğularını avtomatlaşdırmaq, istifadəçilərin məlumatı daha sürətli əldə etməsini təmin etmək və müvafiq struktur bölmələrin gündəlik informasiya yükünü azaltmaq olduğu vurğulanıb.
“İncə”nin gələcəkdə ADMİU-nun rəqəmsal xidmətlərinin vahid Sİ əsaslı platformasına çevrilməsi, müxtəlif kommunikasiya kanallarına inteqrasiyası, çoxdilli xidmət imkanlarının genişləndirilməsi və istifadəçi sorğuları əsasında analitik məlumatların formalaşdırılması nəzərdə tutulur.
Layihə ADMİU-da süni intellekt texnologiyalarının idarəetmə və kommunikasiya proseslərinə tətbiqi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilib.
Qeyd: “İncə” ADMİU-nun rəsmi saytına texniki olaraq inteqrasiya edilsə də, hazırda kommersiya paketinin aktivləşdirilməsi və son texniki sazlama işləri tamamlanmadığı üçün istifadəçilər üçün deaktiv vəziyyətdədir. Sistem aktivləşdirildikdən sonra ictimai istifadəyə təqdim olunacaq.

