ADMİU-da tələbə-teatrşünasların növbəti konfransı keçirilib
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçirilib.
Konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
ADMİU-nun prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova tədbiri giriş sözü ilə açaraq, teatrşünaslıq sahəsində bu cür konfransların, layihələrin keçirilməsini təqdirəlayiq hal kimi vurğulayıb və bu sənətin inkişafına mühüm töhfə olduğunu əlavə edib. Prorektor həmçinin, konfransın konseptinə diqqət çəkərək, XX əsr incəsənətinin səciyyəvi xüsusiyyətlərindən danışıb, proqramdakı mövzuların əhəmiyyətli məqamlara toxunduğunu bildirib: “Artonun yaradıcılığı, düşüncələri ətrafında elə böyük bir ideya, məna çənbəri yaradıb ki, bu çənbər sonrakı zamanların teatrlarnı və teatr adamlarını çəkib, onlara təsir edib. Konfransın belə əhatəli mövzunu seçməsi böyük gözlənti yaradır”.
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə çıxışında hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən konfransa tələbə-teatrşünasların ildən ilə daha böyük maraqla qatıldıqlarını qeyd edib: “Bu peşənin çətinliyini, dərinliyini tələbələr yəqin ki, zamanla anlayacaqlar və bu kimi konfranslar onlara böyük bir təkandır. Bizim təhsil aldığımız illərdə də belə konfranslar keçirilirdi və biz oradakı məruzələrimizi o zamankı qəzet və jurnallarda çap etdirirdik. Buna bizim ilk addımlarımız demək olardı. Mən konfransda iştirak edən tələbələrə bu ilk addımlarında uğurlar arzulayıram”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva isə çıxışında teatrşünaslıq kafedrasının bu təşəbbüsünün təhsilin keyfiyyətində dinamika yaratdığını söyləyib.
ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov konfransın tələbələrin elmi dünyagörüşünün artmasında vacibliyini xatırladıb və bəzi tələbələrin bir neçə dəfə konfransda məruzəçi olduğunu diqqətə çatdırıb. “Biz bu tələbələrin çıxışlarının necə cilalandığını, peşəkarlıq səviyyəsinin yüksəldiyini görə bilirik” – deyə o, əlavə edib.
Daha sonra tələbə-teatrşünasların məruzələri dinlənilib.
Gülnar Nağdıyeva (III kurs) “Qəddar dövrün qəddarlıq teatrı”, Nailə Qasımova (IV kurs) “Qanlı pərdə: XX əsr teatrı zorakılığın kölgəsində”, Nuray Abdullayeva (III kurs) “Teatr terapiya kimi: katarsis”, İlkin Tağızadə (III kurs) “Tadeuş Kantorun ölüm və yaddaş teatrı postdramatik teatrın ilk təzahürü kimi”, Aytən Abdullayeva (II kurs) “Dramaturgiyada “yuxu effekti”nin yaradılması ənənəsi”, Ramilə Abdullazadə (II kurs) “Jan Kukto və Orfey haqqında mifin sürrealist yozumu”, Əhməd Mehdiyev (III kurs) “İnformasiya dövrünün tamaşaçı fenomeni”, Fatimə Qurbanzadə (IV kurs) “Mifik qəhrəmanın dramaturgiya kontekstində transformasiya problemi” və Qönçə Firudinli (II kurs) “Heçliyin vəhşətli rəqsi: Butou” məruzələri ilə çıxış ediblər.
Konfrans məruzələrin müzakirəsi ilə yekunlaşıb.