ADMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin 2026-2027-ci tədris ili üzrə ilk iclası keçirilib
ADMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin 2026-2027-ci tədris ili üzrə 11 noyabr 2026-cı il tarixində ilk iclası keçirilib.
İclasda Məzunlar Assosiasiyasının sədri Abbasağa Əlizadə, İdarə Heyətinin üzvləri Əli Hacılı, Gülgün Bağırova, Mehriban Qasımova və Şəbnur Pənahlı (onlayn formatda), eləcə də ADMİU Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri, baş müəllim Natiq Mürsəlov, bölmənin aparıcı mütəxəssisi İlahə İsmayılova, metodisti Ülkər Məmmədova, Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət təminatı və monitorinq sektorunun mütəxəssisi Anar Babazadə iştirak ediblər.
İclasın əsas məqsədi Assosiasiyanın yeni tədris ilində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, universitetlə məzunlar arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi, məzunların universitetin ictimai, elmi və mədəni həyatında iştirakının genişləndirilməsi məsələlərinin müzakirəsi olub. Habelə, 22 oktyabr 2026-cı il tarixində Keyfiyyət təminatı və strateji planlama departamenti tərəfindən Məzunlar Assosiasiyasının fəaliyyəti üzrə aparılmış monitorinqin nəticələri geniş müzakirə edilib. Monitorinq zamanı müəyyən edilmiş mövcud vəziyyət, fəaliyyətin təkmilləşdirilməsi istiqamətləri ilə bağlı təkliflər diqqətə çatdırılıb və müvafiq tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Məzunlar Assosiasiyasının fəaliyyətinin təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə Assosiasiyanın yeni Əsasnamə layihəsi müzakirəyə təqdim edilib. Sənədin müddəaları ətrafında geniş fikir mübadiləsi aparılıb, Assosiasiyanın məqsəd və vəzifələri, İdarə Heyətinin səlahiyyətləri, idarəetmə mexanizmləri, üzvlük münasibətləri, fəaliyyət istiqamətləri və universitetlə əməkdaşlıq prinsipləri nəzərdən keçirilib. Təklif və qeydlər əsasında layihə müzakirə olunaraq təsdiq edilib. Həmçinin, 2026-2027-ci tədris ili ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Məzunların vahid elektron məlumat bazasının formalaşdırılması və yenilənməsi, müxtəlif illərin məzunları ilə sistemli kommunikasiyanın qurulması, onların peşəkar fəaliyyət və yaradıcılıq nailiyyətlərinin təbliği, məzunların tələbələrlə təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.
Bununla yanaşı, universitetdə təhsil alan tələbələrin karyera imkanlarının artırılması, əmək bazarının tələblərinə uyğun peşəkar inkişafının dəstəklənməsi, məzunların işəgötürən təşkilatlarla əlaqələrinin qurulması, ustad dərsləri, görüşlər, seminarlar və digər maarifləndirici tədbirlərin təşkili istiqamətində təkliflər səsləndirilib. İdarə Heyətinin üzvləri Assosiasiyanın fəaliyyətinin daha çevik və nəticəyönümlü təşkili, universitetin fakültə və struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, məzun potensialından tədris və yaradıcılıq prosesində səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar.
İclasın yekununda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və təşkilati tədbirlər müəyyənləşdirilib.

