ADMİU-nun Elmi Şurasının növbəti iclası keçirilib
Noyabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə universitetin professor-müəllim heyətinin elmi-tədqiqat və yaradıcılıq fəaliyyətinin nəticələri, elmi nəşrlərlə bağlı hesabatlar, struktur bölmələrin illik fəaliyyəti, eləcə də cari məsələlər daxil edilib.
İclasda ilk olaraq ADMİU-nun professor-müəllim heyətinin 2026-cı təqvim ili üzrə elmi-tədqiqat işlərinin yekun hesabatı təqdim olunub. Ardınca 2026–2027-ci tədris ili üçün planlaşdırılmış elmi-tədqiqat və yaradıcılıq-ifa işlərinin təsdiqi, həmçinin professor-müəllim heyətinin beynəlxalq elmi məlumat bazalarında indeksləşən jurnallarda dərc olunmuş məqalələrinin elmi nəşr fəaliyyəti baxımından nəticələri müzakirə edilib. Hər üç məsələ ilə bağlı Elm və yaradıcılıq işləri üzrə prorektor, dosent S. Əliyeva məlumat verib.
Daha sonra Kitabxana-informasiya mərkəzinin illik hesabatı dinlənilib. Mərkəzin müdiri T. Əsgərova il ərzində görülən işlər barədə məlumat təqdim edib.
Gündəliyin növbəti məsələsi ADMİU-nun Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru kafedrasının məsləhətçi-professoru, Xalq artisti İlham Namiq Kamal oğlu Əhmədovun hesabatı olub.
İclasda cari məsələlər də müzakirəyə çıxarılıb.
Fəlsəfə doktoru proqramı üzrə doktorantın elmi rəhbərinin və dissertasiya mövzusunun təsdiqi, Məzunlar Assosiasiyasının Əsasnaməsinin, Tədrisin Elektron İdarə edilməsi və İmtahanların Təşkili şöbəsinin Əsasnaməsinin, eləcə də tədris-metodiki işlərin təsdiqi məsələlərinə baxılıb.
Bununla yanaşı, Təsviri sənət kafedrası üzrə professor vəzifəsi üçün Xalq rəssamı Xanlar Əhməd oğlunun Əhmədovun müsabiqə yolu ilə seçilməsi məsələsi gündəliyə daxil edilib.
Elmi Şuranın iclasında universitetin iki əməkdaşının yubileyi də qeyd olunub. ADMİU-nun rektoru professor Ceyran Mahmudova Audiovizual sənətlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının dosenti Afaq Allahverdi qızı Sadıqovanı və Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının baş müəllimi Aytən Elbəy qızı Rzaquliyevanı 60 illik yubileyləri münasibətilə kollektiv adından təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
İclas gündəlikdə nəzərdə tutulan məsələlərin müzakirəsi ilə başa çatıb.

