ADMİU tələbəsi Nyu-Yorkda böyük uğura imza atıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) II kurs magistrantı, Heydər Əliyev adına təqaüdçü, respublika və beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Həmayə Baxışova növbəti böyük uğura imza atıb.
Belə ki, o, X Florida Keys International Music Competition müsabiqəsinin laureatı kimi ABŞ-ın Nyu-York şəhərində yerləşən, dünyanın ən nüfuzlu konsert məkanlarından biri olan Carnegie Hall səhnəsində keçirilən qaliblərin qala-konsertində çıxış edib.
Həmayə Baxışova Manhattan Orchestra-nın müşayiəti ilə, Manhattan və New Jersey Orkestr Festivalının dirijoru, maestro David Wroe-nun rəhbərliyi altında Edvard Qriqin fortepiano və orkestr üçün a-moll konsertinin I hissəsini ifa edib. Gənc pianoçunun çıxışı dinləyicilər tərəfindən böyük alqışlarla qarşılanıb.
Maestro David Wroe Həmayə Baxışovanın ifasını yüksək qiymətləndirərək onu istedadlı, fantastik və mükəmməl pianoçu kimi səciyyələndirib. Uğurlu çıxışına görə gənc musiqiçi kubok və diplomla təltif olunub.
Pianoçunun uğurları bununla da məhdudlaşmayıb. Müsabiqə çərçivəsində təşkil olunan “Şəkidən Karnegi Zalına: İpək Yolu boyunca musiqi” adlı esse müsabiqəsində Həmayə Baxışovanın və italiyalı laureatın yazıları ən yaxşı esselər sırasında seçilərək qalib elan olunub. Bu münasibətlə Həmayə Baxışova xüsusi sertifikat və pul mükafatı ilə təltif edilib. Onun müəllimi, dosent Səbinə Mehdiyeva isə diplomla mükafatlandırılıb.

