ADMİU-da Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
2026-cı ilin noyabr ayında ADMİU-nun Kulturologiya fakültəsində görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2026-cı il tarixli müvafiq Sərəncamına uyğun olaraq təşkil edilib. Elmi seminarın məqsədi Lətif Kərimovun zəngin yaradıcılıq və elmi irsini, Azərbaycan xalça sənətinin inkişafına verdiyi töhfələri və milli-mədəni dəyərlərin qorunmasındakı xidmətlərini elmi baxımdan təhlil etmək olub.
Seminarın açılışında Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, dosent Tamilla Əhmədova çıxış edərək sənətkarın Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət tarixindəki mövqeyindən, milli xalçaçılıq ənənələrinin tədqiqi və qorunmasındakı xidmətlərindən bəhs edib.
Elmi seminarda Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Tamilla Abdullayeva “Lətif Kərimov irsinin davamçıları”, Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Şəfiyeva “Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, milli-mədəni irsin qoruyucusu – Lətif Kərimov”, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva “Lətif Kərimovun elmi və rəssamlıq fəaliyyəti”, Muzeyşünaslıq və turizm kafedrasının müdiri, dosent Yeganə Eyvazova “XX əsr Azərbaycan mədəniyyət tarixində Lətif Kərimovun elmi və ictimai fəaliyyəti”, Sosial-mədəni fəaliyyət kafedrasının baş müəllimi Nigar Babayeva isə “Türk xalqlarının ənənəvi kostyumları: tarixi-etnoqrafik təhlili, tipologiyası və rəmzləri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Lətif Kərimovun xalçaçılıq sənətinin inkişafına, milli ornament və kompozisiya ənənələrinin qorunmasına verdiyi töhfələr, eləcə də türk xalqlarının ənənəvi geyim mədəniyyətinin tarixi-etnoqrafik xüsusiyyətləri təhlil olunub.

