ADMİU-nun rektoru I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında çıxış edib
Noyabrın 16-da Tbilisidə, Gürcüstan Texniki Universitetində I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı işə başlayıb. Hər iki ölkənin təhsil rəsmilərinin, ali təhsil müəssisələrinin rektor və nümayəndələrinin iştirak etdiyi tədbirdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunur.
Konfransda çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Azərbaycan və Gürcüstan arasında tarixi dostluq münasibətlərinin inkişafında təhsil və mədəni əlaqələrin mühüm rolunu vurğulayıb. Rektor yüz ildən artıq tarixə malik ADMİU-nun fəaliyyətindən, Gürcüstanın incəsənət yönümlü ali təhsil müəssisələri ilə mövcud əlaqələrindən və əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib.
Ceyran Mahmudova mövcud razılaşmaların konkret layihələr və qarşılıqlı akademik mübadilələrlə davam etdirilməsinin vacibliyini qeyd edib. Tələbə və müəllimlərin akademik mobilliyi, birgə elmi tədqiqatlar, konfranslar və ustad dərsləri, eləcə də teatr tamaşaları, kino layihələri, sərgilər və musiqi proqramları əməkdaşlığın perspektivli istiqamətləri kimi diqqətə çatdırılıb.
Rektor gənc yaradıcıların və tədqiqatçıların inkişafı üçün birgə imkanların yaradılmasının iki ölkə arasında akademik əlaqələrin möhkəmlənməsinə və mədəni dialoqun dərinləşməsinə töhfə verəcəyini bildirib.
Konfrans çərçivəsində panel müzakirələrinin keçirilməsi və ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması nəzərdə tutulur.

