ADMİU Bakıda təşkil olunan Gələcəyin Peşələri Sammitində təmsil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 18 noyabr 2026-cı ildə Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib. “Gələcəyə tərəf” devizi altında təşkil olunan sammitdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) da təmsil olunub. Universitetin Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri Natiq Mürsəlov, bölmənin aparıcı mütəxəssisi İlahə İsmayılova və Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədri Abbasağa Əlizadə tədbirdə iştirak ediblər.

Sammit gələcəyin peşə və bacarıqlarına dair strateji istiqamətlərin müəyyənləşdirilməsi, əmək bazarının yeni çağırışlarının qiymətləndirilməsi, eləcə də dövlət, özəl sektor və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edib. Tədbirin əsas məqsədi əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişafına, mütəxəssislərin yeni çağırışlara adaptasiyasına, insan kapitalının inkişafında beynəlxalq təcrübə və innovativ yanaşmaların tətbiqinə dəstək göstərmək olub.

Sammitdə dövlət və özəl sektorun nümayəndələri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, karyera məsləhətçiləri, sahibkarlar və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində “Qlobal dəyişikliklərdən fərdi bacarıqlara” və “Dəyişiklikdən rəqabət üstünlüyünə” mövzularında panel müzakirələri keçirilib. Panel iştirakçıları qlobal əmək bazarının transformasiyası, süni intellekt dövründə fərdi rəqabət üstünlüyünün formalaşdırılması, gələcəyin insan kapitalının inkişafı, təşkilatların dəyişikliklərə adaptasiyası və innovativ idarəetmə yanaşmaları barədə fikir və təcrübələrini bölüşüblər. Həmçinin, “Birlikdə qur, birlikdə yüksəl!” adlı vörkşop təşkil olunub.

Sammit çərçivəsində ADMİU nümayəndələri İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin, eləcə də “Turmenecer ol” Turizm Məktəbinin nümayəndələri ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, birgə təlim və maarifləndirmə tədbirlərinin təşkili, tələbə və məzunların peşə bacarıqlarının inkişaf etdirilməsi, təcrübə proqramları və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Görüşlər ADMİU ilə müvafiq qurumlar arasında institusional əlaqələrin qurulması, xüsusilə, mədəniyyət, incəsənət və turizm sahələrində kadr hazırlığına dair ortaq təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyətli olub.

Universitetin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin bu kimi platformalarda təmsil olunması, eyni zamanda ömürboyu öyrənmə prinsipinin təşviqi, əmək bazarındakı dəyişikliklərin izlənilməsi, işəgötürənlərlə əlaqələrin qurulması və məzunların məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən fəaliyyətin önəmli tərkib hissəsidir.