ADMİU Gürcüstanda beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə nümayəndə heyətinin I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində Tbilisi səfəri davam edir.
Noyabrın 16-da Konfrans çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.
Konfrans çərçivəsində Azərbaycanın 8, Gürcüstanın isə 17 ali təhsil müəssisəsi arasında ümumilikdə 40-a yaxın əməkdaşlıq memorandumu imzalanıb.
O cümlədən, ADMİU Gürcüstanın İlya Dövlət Universiteti və Qafqaz Universiteti ilə əməkdaşlıq memorandumları imzalayıb. Hər iki tərəfdən rektorların imzaladığı sənədlər universitetlər arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsini, birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin təşviqini, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsini nəzərdə tutur.
Memorandumlar Azərbaycan və Gürcüstan ali təhsil müəssisələri arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına yönəlib.
Noyabrın 17-də isə Tbilisi şəhərində “Study in Azerbaijan” təhsil sərgisi keçirilib.
“Study in Azerbaijan” layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən sərgidə ölkəmizin ali təhsil müəssisələri təmsil olunub.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev “Study in Azerbaijan” təşəbbüsünün Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılmasında və xarici tələbələrin ölkəmizdə təhsilə cəlb olunmasında əhəmiyyətini vurğulayıb. Nazir müavini sərginin ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları və qəbul imkanları barədə birbaşa məlumat əldə etmək, maraqlandıqları sualları universitet nümayəndələrinə ünvanlamaq üçün əlverişli şərait yaratdığını bildirib.
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxışında iki ölkə arasında dostluq münasibətlərinin inkişafında təhsilin rolunu vurğulayıb. Səfir bu cür təşəbbüslərin Azərbaycan və Gürcüstan arasında təhsil əlaqələrinin genişlənməsinə, gənclər arasında akademik mobilliyin təşviqinə və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini qeyd edib.
Çıxışlardan sonra simvolik lent kəsilib və sərgiyə baxış başlayıb. İştirakçılar Azərbaycan universitetlərinin stendləri ilə tanış olaraq təqdim olunan təhsil imkanları barədə məlumat alıblar.
Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də xüsusi stendlə təmsil olunub. İnctimaiyyətlə əlaqələr, marketin və süni intellekt şöbəsinin əməkdaşları universitetin təhsil proqramları, ixtisaslar, qəbul qaydaları, təhsil haqları, təqaüd imkanları və tələbə həyatı barədə ziyarətçilərə ətraflı məlumat veriblər.
Gürcüstanda yaşayan məktəblilər, abituriyentlər, tələbələr və valideynlər universitet nümayəndələri ilə birbaşa görüşərək onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.

