Əməkdar rəssam Vüqar Əlinin “Gülüstan” adlı fərdi sərgisi açılıb
QGallery Bakı qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, Əməkdar rəssamı Vüqar Əlinin “Gülüstan” adlı fərdi sərgisi keçirilib.
Tanınmış ictimaiyyət nümayəndələrinin, sənətsevərlərin və jurnalistlərin qatıldığı sərgidə rəssamın 2024–2026-cı illər ərzində ərsəyə gətirdiyi 36 əsər nümayiş olunub.
Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək Vüqar Əlinin zəngin yaradıcılıq konsepsiyası, özünəməxsus baxış tərzi və rəng palitrası haqqında danışıb, ona uğurlar arzu edib.
Vüqar Əlinin uzun illərdir ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova onun bir müəllim kimi rəssamlığın sirlərini gənclərə öyrətdiyini və artıq onun tələbələrinin də Azərbaycan təsviri sənətində önəmli yer tutduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Xalq rəssamı Səlhab Məmmədov, Xalq rəssamı Arif Əziz, rəssam Nəvai Mətin və digər qonaqlar çıxış edərək Vüqar Əlinin yaradıcılığının özünəməxsus xüsusiyyətləri, Azərbaycan təsviri sənətindəki yeri, milli-mədəni irsin müasir bədii ifadə vasitələri ilə təqdim olunması və “Gülüstan” sərgisinin sənət konsepsiyası haqqında danışıblar.
Bildirilib ki, Qarabağın vizual və mədəni dilinə müraciət edən sərgidə Qarabağ atları, xalça, insan fiqurları, quş və memarlıq formaları kimi davamlı təkrarlanan obrazlar vasitəsilə yaddaş, məkan, ornament və təxəyyül arasındakı əlaqə araşdırılıb.
“Gülüstan” adı sərginin mərkəzi poetik metaforasını müəyyənləşdirir. Çiçəklənən bağ obrazı ilə əlaqələndirilən bu anlayış müxtəlif formaların, rənglərin, xatirələrin və assosiasiyaların birgə mövcud olduğu məkan təsəvvürü yaradır. Sərgidə vahid və xətti bir hekayə təqdim etmək əvəzinə, zahirən bir-birindən fərqli olan elementlər – at ilə xalça ornamentləri, insan fiquru ilə təbiət motivləri, irsdən gələn vizual formalarla müasir bədii dil qarşılıqlı əlaqədə təqdim olunub.
Ekspozisiyanın mərkəzində Vüqar Əlinin yaradıcılığında təkrarən müraciət olunan və ən ifadəli motivlərindən biri olan Qarabağ atı dayanır. Rəssamın əsərlərində at obrazı naturalistik təsvirin hüdudlarını aşaraq dinamik vizual simvola çevrilir. Ritm, hərəkət və stilizasiya vasitəsilə bu obraz həyat enerjisi, azadlıq, davamlılıq və mədəni yaddaş anlayışları ilə əlaqələndirilir. “Qarabağ şah atları”, “Boz atlar”, “Yürüş”, “Sıçrayış” və “İnadkar” əsərlərində bu yanaşma öz əksini tapır.
Sərgidə xalça və onun ornament dili də mühüm yer tutur. Rəssamın kompozisiyalarında xalça birbaşa dekorativ element kimi deyil, naxışları, ritmi və həndəsi strukturları vasitəsilə fiqurativ və abstrakt elementlərlə qarşılıqlı əlaqəyə girən əsas vizual dil kimi təqdim olunur. Ənənəvi motivlər parçalanır, böyüdülür və yenidən mənalandırılaraq müasir təsvir kontekstinə daşınır.
Ekspozisiyada Şuşa və Qarabağın mədəni landşaftı ilə birbaşa əlaqəli əsərlər də xüsusi yer alıb. “Şuşa silsiləsindən” əsərləri rəssamın vizual bədii dilini konkret yaddaş coğrafiyası ilə əlaqələndirir. Qarabağ atları və xalçalarının davamlı təkrarlanan obrazları ilə birlikdə bu əsərlər məkanın yalnız fiziki ərazi deyil, həm də şəxsi, tarixi və kollektiv yaddaş daşıyıcısı olduğunu göstərir.
36 əsəri bir araya gətirən “Gülüstan” sərgisi mədəni yaddaşı keçmişdə sabitləşmiş bir anlayış kimi deyil, daim dəyişən, transformasiyaya uğrayan və yeni vizual formalar qazanan canlı bədii material kimi təqdim edir. Ekspozisiya yaddaşın obraz, obrazın ornament, ornamentin isə Qarabağın mənzərələri və mədəni təxəyyülü ilə yenidən əlaqələndirildiyi sənət məkanını nümayiş etdirir.
Sonda çıxış edən müəllif Vüqar Əli sərginin təşkilində əməyi olan hər kəsə, eləcə də çıxışçılara və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

